Saat:23:50
Haqqımızda

İranın “Səhər”indən “5-ci kolon”a DƏSTƏK

2025-12-17 19:44:45

İranın “Səhər”indən “5-ci kolon”a DƏSTƏK

İranın Azərbaycana qarşı aqressiyası bitmir. 

Tehran hakimiyyəti ölkəmizin uğurlarını həzm edə bilmir. Bu da onların siyasətlərinə birbaşa təsir göstərir. Uzun illər ərzində İranın anti-Azərbaycan siyasəti gizli şəkildə aparılsa da, 44 günlük Vətən müharibəsindən sonra bunun açıq şəkildə edildiyini görürük. Molla rejimi regionda yaranan yeni reallıqları qəbul edə bilmədiyi üçün ölkəmizə qarşı düşmən mövqeyində çıxış edir. 

Bunun nəticəsidir ki, mütəmadi olaraq iranlı rəsmilərin və hakimiyyətə yaxın media subyektlərinin Azərbaycan əleyhinə çıxışlarını müşahidə edirik. Rejimin ən böyük təbliğat telekanallarından biri də “Səhər”dir. 

Adıçəkilən kanal hər zaman Azərbaycana qarşı düşmən mövqeyi ilə diqqət çəkib. Orada ölkəmiz barəsində tez-tez reallığı əks etdirməyən məlumatlar yayımlanır. Lakin “Səhər”in son günlərdəki ritorikası daha da kəskinləşib. 

Belə ki, bu kanalda bir müddətdir Ramiz Mehdiyev, Əli Kərimli, Gültəkin Hacıbəyli kimi müxtəlif maddələrlə ittiham olunan şəxslərə dəstək verilir. Vaxtaşırı bu şəxslər haqqında sujetlərin və proqramların hazırlanması diqqət çəkir. 

Maraqlıdır, “Səhər” telekanalının məqsədi nədir?

Mövzu ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Cebheinfo.az”-a danışıb. Onun sözlərinə görə, bu, birbaşa İran hakimiyyətinin mövqeyidir: 

“Əslində, “Səhər” telekanalının deyil, İranın məqsədi var. Belə yayımlarla bağlı tapşırığın birbaşa Tehran hakimiyyəti tərəfindən gəldiyini düşünürəm. Bu birmənalıdır. İran dövləti imperiya xislətindən əl çəkməyəcək. Rusiya və İran tandem olaraq 200 ildir Azərbaycana qarşı mübarizə aparır. 

Ölkəmizin zəifləməsi üçün Azərbaycana qarşı çıxanlara həmişə dəstək veriblər. Eyni siyasət bu gün də davam edir. “Səhər” telekanalı isə molla rejiminin ruporudur. Yəni danışan əslində İranın özüdür”. 

Siyasətçi xatırladıb ki, bir neçə gün əvvəl İranın ali dini lider Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti də Zəngəzur dəhlizi əleyhinə bəyanat səsləndirib: 

“O, yenə də Tehranın buna qəti şəkildə qarşı çıxdığını və dəhlizin İrana sərf etmədiyi deyib. İran nə qədər mövcuddursa, Güney Azərbaycanda ayaqlanma olmaması, Quzey Azərbaycanın zəif qalması üçün əllərindən gələni edəcəklər. 

Kim Azərbaycan dövlətinə qarşı çıxırsa, ona dəstək veriblər, bundan sonra da dəstəkləyəcəklər. Buradakı şəbəkələri və  əlaltıları mütəmadi olaraq Azərbaycan dövlətinə qarşı olanlara birgə dəstək verirlər. Ona görə də “Səhər” telekanalının çıxışlarında təəccüblü bir şey görmürəm”. 

 

Elmir Mustafa