İlham Əliyevin güclü dövlət modeli-ŞƏRH
İlham Əliyevin prezidentliyi dövründə güclü dövlət modelinin strateji dayaqları formalaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi dövlət siyasəti uzunmüddətli, məqsədyönlü və kompleks inkişaf strategiyası ilə səciyyələnir. Bu strategiya təkcə ölkənin sosial-iqtisadi tərəqqisini deyil, eyni zamanda, onun regional gücə və qlobal aktora çevrilməsi məqsədini daşıyır. İlham Əliyevin rəhbərliyi ilə dövlətin inkişaf modeli davamlı islahatlar, siyasi sabitlik, milli maraqlara əsaslanan diplomatiya və müasir idarəçilik fəlsəfəsi üzərində qurulub.
İnkişaf strategiyasının əsas sütunları
Dayanıqlı iqtisadi inkişaf strategiyası çərçivəsində Prezident Əliyev iqtisadiyyatı şaxələndirmək məqsədilə neft gəlirlərindən səmərəli istifadə modelini uğurla qurdu. Dövlət Neft Fondu vasitəsilə gəlirlərin effetkli idarə olunması, kənd təsərrüfatının, sənayenin və qeyri-neft sektorunun inkişafı prioritetə çevrildi. Rəqəmsal transformasiya və innovasiya kontekstində rəqəmsal iqtisadiyyatın inkişafı, e-hökumət platformalarının genişləndirilməsi və startap mühitinin yaradılması İlham Əliyevin gələcəyə yönəlik strateji baxışını real nümunəsi idi. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi bu baxışın hüquqi əsasını təşkil edir.
Regional liderlik və enerji təhlükəsizliyi
Azərbaycan artıq regionun enerji, logistika və nəqliyyat mərkəzinə çevrilib. Bakı-Tbilisi-Ceyhan (BTC) xam nefri,Bakı-Tbilisi-Ərzurum (BTE) isə təbii qazı Qərbə daşıyan əsas arteriyalardır. 3,500 km uzunluğunda olan Cənub Qaz Dəhlizi isə Azərbaycanı İtaliya və digər Avropa ölkələri ilə birləşdirir.Bu layihələr ölkəmizin enerji ixracatını şaxələndirməklə yanaşı, Avropanın Rusiyadan enerji asılılığını azaltmaqda həlledici vasitəyə çevrilib. Eyni zamanda Azərbaycan qara qızılını beynəlxalq bazara çıxararaq ölkəyə milyardlarla gəlir gətirib və siyasi nüfuzunu artırıb. TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi kimi dünya çaplı layihələr Azərbaycanın geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, ölkənin etimada söykənən beynəlxalq tərəfdaşlığını gücləndirib.Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər logistika layihələri Azərbaycanın regional nəqliyyat liderinə çevrilməsinə şərait yaradıb. Artıq Zəngəzur dəhlizi regionun nəqliyyat xəritəsini dəyişəməkdədir və bu addım yaxın gələcəkdə Azərbaycanı Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas tranzit ölkəyə çevirəcək.
"Azərbaycan 2030” və gələcəyə baxış
Starteji fəaliyyətinin tərkib hissəsi kimi Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan 2030: Milli Prioritetlər” sənədi ölkənin növbəti onillikdə beş əsas istiqamət üzrə inkişafını nəzərdə tutur:
1. Dayanıqlı, inklüziv və davamlı iqtisadi artım
2. Rəqabətli insan kapitalı və çağdaş təhsil
3. Rəqəmsal transformasiya və innovasiya
4. Təmiz ətraf mühit və yaşıl enerji məkanı
5. Güclü sosial siyasət və ədalətli cəmiyyət
Bu istiqamətlər Azərbaycanı gələcəkdə inkişaf etmiş ölkələr sırasına çıxarmağı hədəfləyir. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri 2016-cı ildən etibarən ölkənin iqtisadi siyasətini planlı və mərhələli şəkildə yönləndirən əsas sənədə çevrilib.
Güclü dövlət, çevik idarəçilik
Prezident İlham Əliyevin dövlət idarəçiliyi fəlsəfəsinin əsas dayaqlarından biri "güclü dövlət və çevik idarəçilik” prinsipidir. Bu yanaşma Azərbaycan Respublikasının həm daxili sabitliyinin, həm də sürətli inkişafının təməlində dayanır. XXI əsrdə dövlətin gücü yalnız sərt idarəçilik deyil, modern texnologiyalara əsaslanan çevik, şəffaf və vətəndaş yönümlü idarəçilik sistemi ilə ölçülür. Prezident İlham Əliyev də bu balansı uğurla qoruyaraq, klassik dövlətçilik dəyərlərini müasir idarəetmə texnologiyaları ilə birləşdirməyib bacarıb. Bunla da Prezidentin rəhbərliyi ilə dövlət idarəçiliyində çağdaş tələblərə əsaslanan çeviklik təmin olunub. Elektron xidmətlərin genişlənməsi fonunda E-qanunvericilik, e-vergi, e-təhsil kimi platformalar dövlət idarəçiliyini texnoloji səviyyəyə qaldırılıb. ASAN Xidmət və DOST mərkəzləri kimi innovativ xidmət modelləri korrupsiyaya qarşı mübarizə və vətəndaş məmnunluğu baxımından nümunəvi təcrübə kimi diqqətləri üzərinə yönəldə bilib. Bu da nəticə etibarı ilə dövlət xidmətlərinin sadə, şəffaf və sürətli təqdimatı ilə idarəetmə sistemində inqilabi dönüş yaradıb. Artıq sözügedən model BMT və digər beynəlxalq təşkilatlar tərəfindən nümunə kimi qəbul edilib.
"Güclü dövlət və çevik idarəçilik” modeli Prezident İlham Əliyevin uğurlu liderliyinin strateji dayağıdır. Bu prinsip sayəsində Azərbaycan həm daxili sabitlik, həm iqtisadi tərəqqi, həm də regional nüfuz baxımından mühüm nailiyyətlər əldə edib. Pandemiya dövründə çevik qərarların tətbiqi işlək mexanizmləri formalaşdırdı və bu addımların sayəsində sosial sabitlik qorundu. Prezident İlham Əliyev sübut etdi ki, güclü dövlətçiliyin bünövrəsi demokratik institutlar və çevik idarəetmə ilə möhkəmlənəndə, nəticə dayanıqlı inkişafı təmin edir. Bu model gələcək idarəçilik üçün lokal deyil, universal nümunə kimi dəyərləndirilməldir.
İnsan kapitalının inkişafı
Ötən 22 il ərzində təhsil islahatları, sosial müdafiə proqramları və səhiyyə infrastrukturunun yenilənməsi əhalinin rifahının yüksəldilməsinə xidmət etdi. Əhalinin gəlirlərinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və minimum əməkhaqqının mərhələli şəkildə artırılması dövlətin sosial yönümlü siyasətinin göstəricisidir.Prezident İlham Əliyevin sərəncamları əsasında reallaşan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qəbul olunaaraq icrası neft kapitalının insan kapitalına çevrilməsi siyasətinin tərkib hissəsidir.
Strateji hədəflər və nailiyyətlər
- Ərazi bütövlüyünün bərpası
-Suverenliyin təmin olunması
Ən böyük strateji hədəf olan ərazi bütövlüyünün bərpası, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində qazanılan Zəfərlə reallaşdı. Bu, həm hərbi, həm siyasi, həm də diplomatik baxımdan Prezidentin uzaqgörən strategiyasının real nəticəsi idi. 2023-cü ilin sentyabrında isə suverenliyin tam bərpası ilə Azərbaycan bütün beynəlxalq hüquq çərçivəsində öz sərhədlərinə nəzarəti təmin etdi. Güney Qafqazın siyasi, strateji, tarixi və sosioloji aspektləri ilə son dərəcə mühüm region olduğunu nəzərə alsaq, Əliyevin sarsılmaz qətiyyəti və Azərbaycan Ordusunun qalibiyyəti sayəsində qazanılan qələbə bölgənin beynəlxalq münasibətlər sisteminə əsaslı təsir göstərən, yeni geosiyasi reallıqlar yaratdı.Obrazlı şəkildə desək,Əliyev böyük gücləri-Qərbi və Rusiyanı ofsaydda saldı.
Bir sözlə, İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən inkişaf strategiyası güclü dövlətçilik, ərazi bütövlüyü, iqtisadi şaxələndirmə və müasir idarəçilik modeli ilə səciyyələnir. Onun müəyyən etdiyi strateji hədəflər Azərbaycanı həm bölgədə, həm də beynəlxalq müstəvidə dayanıqlı və etibarlı tərəfdaşa çevirib. Bu dövr təkcə siyasi uğurlar deyil, həm də xalqın milli özünüdərkinin və milli qürurunun bərpa olunduğu bir mərhələ kimi tarixdə qalacaq.
İnqilab Şirinli,
Beynəlxlaq Jurnalistlər Federasiyasının üzvü,politoloq
