Saat:19:12
Haqqımızda

İcra başçıları tətili xaricdə keçirə bilərmi? - “Getmək istəyi varsa...”

2025-11-19 16:45:12

İcra başçıları tətili xaricdə keçirə bilərmi? - “Getmək istəyi varsa...”

"İcra başçısının xaricə səfəri, təkcə onun şəxsi seçimi deyil. Bu, dövlət idarəçiliyinin vacib elementidir”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, icra hakimiyyəti başçısı məzuniyyət və bu məzuniyyəti xaricdə keçirmək istəyirsə, Prezident Adminstrasiyasına müraciət etməlidir:

“İcra başçısı yerlərdə prezidentin birbaşa və səlahiyyətli nümayəndəsidir. Onun harada olması, hansısa bir ölkəyə səfəri çox ciddi olmaqla yanaşı, həm də idarəetmə məsuliyyəti məsələsidir. Başçı məzuniyyət istəyirsə və bu məzuniyyətdə xaricə getmək istəyi varsa, Prezident Adminstrasiyasına müraciət etməlidir. Artıq uzun illərdir ki, bu, praktikada tətbiq olunur. Yalnız razılıqdan sonra icra başçısının məzuniyyətə çıxmasına və xaricə getməsi mümkün olur”.

Hüquqşünas vurğulayıb ki, icra başçıları məzuniyyətə sadəcə ali dövlət qulluqçusu kimi yox, vəzifəli şəxs kimi çıxır:

“Bunun səbəbi çox sadədir. Ölkədə və rayonlarda hər an fövqəladə vəziyyət, məsələn, sel, yanğın, ictimai gərginlik kimi hallarda rayon icra başçısının ölkədən kənarda olması müəyyən boşluqlar yarada bilər. Ona görə də icra başçıları məzuniyyətə sadəcə ali dövlət qulluqçusu kimi yox, vəzifəli şəxs kimi çıxır. Buna görə də onlar məzuniyyətləri ərzində xaricə çıxmaq məsələsini razılaşdırmalıdır. Prezident Adminstrasiyası vəziyyəti təhlil edir və uyğun qərar qəbul edir. Bütün hallarda razılaşdırılma olmalıdır”.

Xatırladaq ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun İrana səfər edib. Onlar İslam Respublikasında keçirilən tədbirə rəsmi dəvət alıblar.

Hər iki başçının səfərləri əsnasında sosial şəbəkələrdə icra hakimiyyəti strukturu nümayəndələrinin hansı hallarda ölkəni tərk edə bildikləri və bunun qanuni əsasları ilə bağlı müzakirələr başlayıb.