İcbari tibbi sığorta ilə bağlı problem həll olundumu?
Adil Qeybulla: “Bizim məmurlar belə proseslərə qatılmır və nəticədə bu cür problemlər yaşanır”
Son günlər icbari tibbi sığorta ilə bağlı müəyyən narazılıqlar meydana çıxıb. Vətəndaşlar yeni qaydalar və sığorta haqqının ödənilməsi mexanizmi barədə əlavə məlumat və aydınlıq tələb edirlər. Milli Məclisin sonuncu plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev bildirib ki, uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslər, əmək qabiliyyətsiz və işsiz şəxslər dövlət tərəfindən tibbi sığorta olunacaq. Nazir qeyd edib ki, bəzi hallarda bu, tam əks formada başa düşülür və yanlış olaraq düşünülür ki, işsizlər sığortalanmayacaq. Əksinə, qanunvericilikdə ilk dəfə olaraq birbaşa göstərilir ki, işsiz şəxslər də dövlət tərəfindən icbari tibbi sığorta ilə təmin olunacaq.
Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçilər və işəgötürənlər hər biri 2% olmaqla, ümumilikdə bir vətəndaş üçün 4% icbari tibbi sığorta haqqı ödəyirlər. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən kateqoriyalara aid şəxslər istisna olmaqla, əmək potensialı olan bütün vətəndaşlar ayda minimum əməkhaqqının (400 manat) 4%-i, yəni 16 manat həcmində icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Həkim-cərrah, professor Adil Qeybulla Musavat.com-a deyib ki, icbari tibbi sığorta ilə bağlı müəyyən iradlar var: “Əslində, bu, ilk təcrübədir və təbii ki, iradların olması da məntiqlidir. Amma mən düşünürəm ki, iradlara səbəb olan məsələlər, eləcə də beynəlxalq praktikada bizdən fərqli tətbiqlər varsa, biz onların üzərində düşünməli və həmin istiqamətdə addımlar atmalıyıq ki, sistem beynəlxalq praktikaya uyğunlaşsın. Son dəyişikliklə bağlı ən çox irad işləməyən vətəndaşların öz hesabına sığortalanması məsələsi idi. Əlbəttə, burada müəyyən anlaşılmazlıq var idi. Amma əgər belə bir konsepsiya formalaşdırılıbsa və bu məsələ bu yolla həll olunacaqsa, hesab edirəm ki, xeyli problem aradan qalxacaq.
Ümumilikdə, icbari tibbi sığorta ilə bağlı yaxşı olardı ki, vətəndaş cəmiyyəti nümayəndələri və mütəxəssislər bir araya gəlib tədbir keçirsinlər. Təəssüf ki, bizim məmurlar belə proseslərə qatılmır və nəticədə bu cür problemlər yaşanır. Halbuki məsləhətləşmə yolu ilə bir çox məsələnin həllində irəliləyiş əldə etmək mümkündür. Mən son dəyişiklikləri müsbət dəyərləndirirəm və hesab edirəm ki, ümumi işə xeyli fayda verəcək”.
Qeyd edək ki, qeyri-formal məşğul olan şəxslər, yəni rəsmi əmək müqaviləsi olmadan gəlir əldə edənlər, tibbi sığorta haqlarını müəyyən olunmuş məbləğ üzrə özləri ödəyəcəklər. Əmək müqaviləsi ilə işləyən və rəsmi qeydiyyata malik şəxslərin sığorta haqları isə avtomatik olaraq onların maaşından və işəgötürən tərəfindən ödənilir. İcbari Tibbi Sığorta Fonduna köçürülən vəsait həm işçi, həm də işəgötürən tərəfindən təmin edilir.
Afaq Mirayiq
