Saat:23:57
Haqqımızda

Hesablama Palatası təsdiq etdi - MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ AUDİT YOXLAMASI DAVAM ETDİRİLİR

2025-10-11 15:33:45

Hesablama Palatası təsdiq etdi - MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ AUDİT YOXLAMASI DAVAM ETDİRİLİR

Hesablama Palatası Gununsesi.info-nun Mədəniyyət  Nazirliyində yoxlamalar aparması barədə xəbərini təsdiqləyib.

Xatırladaq ki, saytımızın dünənki buraxılışında Mədəniyyət Nazirliyində böyük korrupsiya faktının üzə çıxması və nazir Adil Kərimlinin “vurulacağı” bildirilirdi.

Məlumatda qeyd olunurdu ki, Adil Kərimli korrupsiya məsuliyyətindən yayınmaq üçün ətrafındakı şəxsləri qurban verməyə hazırlaşır:

Hesablama Palatasından Gununsesi.info-nun sorğusuna verilən cavabda isə deyilir:

Azərbaycan Respublikası Hesablama Palatasına 2025-ci il 9 oktyabr tarixində elektron qaydada daxil olmuş Mədəniyyət Nazirliyində aparılan yoxlamalar zamanı korrupsiya faktlarının aşkarlanması haqqında məlumat əldə etmək barədə sorğunuza “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aidiyyəti qaydada baxılmışdır.

Sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025 ci ilin İş Planına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirilir və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq audit prosesi davam edir.

Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir. Hesablama Palatasının cari il və əvvəlki illərdə keçirdiyi nəzarət tədbirlərinin siyahısı, eləcə də nəticələri barədə məlumatlarla Hesablama Palatasının “Dövlət auditi” rəsmi rüblük məlumat bülleteni, rəsmi internet səhifəsinin (www.sai.gov.az) “Fəaliyyət” bölməsinin “Dövlət auditinin nəticələri” alt bölməsi, eləcə də Hesablama Palatasının yarımillik və illik fəaliyyəti haqqında Hesabatı vasitəsilə tanış ola bilərsiniz.
“Dövlət auditi” rəsmi rüblük məlumat bülleteni Hesablama Palatasının rəsmi internet səhifəsinin “Fəaliyyət” bölməsinin “Dövlət auditi jurnalı” altbölməsində, yarımillik və illik fəaliyyət haqqında Hesabat isə “Hesabatlarımız” altbölməsində yerləşdirilir”.