Hələbdə amansız döyüşlər başlandı - Hakan Fidan: "SDQ İsrailə xidmət edir"
Hurriyyet.az xəbər verir ki, dekabrın 23-nə keçən gecə Suriyanın Hələb şəhərində kürd yaraqlıları ilə hökumət qüvvələri arasında toqquşmalar baş verib. Suriyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Şeyx Maqsud və Əşrəfiyə rayonlarındakı sərhəd keçid məntəqələrindəki hökumət qüvvələrinə silahlı dəstələr hücum ediblər. Hadisə nəticəsində bir nəfər həlak olub, asayiş qüvvələrinin iki nəfər əməkdaşı yaralanıb.
Suriya Demokratik Qüvvələri isə təşkilatın iki yaraqlısının ağır yaralandığını bildiriblər.
Xatırladaq ki, martın 10-da Suriya Prezidenti Əhməd Əş Şaraa ilə Suriya Demokratik Qüvvələrinin rəhbəri Məzlum Abdi arasında razılaşma imzalanmışdı. Razılaşmaya əsasən SDQ üzvləri mərhələ-mərhələ Suriya ordusunun sıralarına və dövlət orqanlarına daxil olmalı idilər.
Ötən gün Türkiyə ilə Suriyanın XİN rəhbərləri SDQ-nin əldə edilmiş razılıqların reallaşmasını əngəllədiklərini və prosesi uzatdığını bəyan ediblər. Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə görə, əsas əngəllərdən biri Suriya Demokratik Qüvvələrinin İsrail ilə əməkdaşlıq etməsi və onun maraqları istiqamətində fəaliyyət göstərməsidir.
Hürr Tərcüman
