Gürcüstanda pulsuzdur, Azərbaycanda isə yox - Dövlət dilində tam pulsuz təhsil mümkündürmü?
“Həcm və say olaraq Azərbaycanda ali təhsilli insanların faiz nisbəti qonşulardan azdır. Belə ki, Azərbaycanda 25 yaşdan yuxarı əhalinin cəmi 17,67%-nin ali təhsili (bakalavr və daha yuxarı) var, Gürcüstanda bu göstərici 33,69%, Ermənistanda isə 24,9%-dir”.
Bu barədə iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçı təklif edib ki, Gürcüstanda olduğu kimi Azərbaycanda da dövlət dilində təhsil tam pulsuz olsun:
“Gürcüstanda ən yaxşı göstərici olmasına baxmayaraq, hökumət bu rəqəmdən də razı deyil, ona görə, gələn ildən dövlət ali məktəblərinin hamısında dövlət dilində təhsil tam pulsuz olacaq. Ermənistanda da buna bənzər addımların atılmasına hazırlıq gedir. Azərbaycanda isə məsələn, 2023-cü ildə ümumilikdə 8631 nəfər, əsasən də, təhsil haqqının ödəyə bilmədiyinə görə Universitetlərdən xaric ediliblər. İllər öncə imza topladıq, hökumətə təklif verdik ki, dövlət universitetlərində dövlət dilində ali təhsil pulsuz olsun – dinləmədilər. Nəticə olaraq bu gün Azərbaycan olaraq tək iqtisadi göstəricilərinə görə deyil də, həm təhsil göstəricilərinə görə qonşularımıza uduzuruq və bu məsələlər bir-birinə çox bağlıdır – təhsil səviyyəsi iqtisadi göstəricilərə birbaşa təsir edir”.
Bəs Azərbaycanda da dövlət dilində təhsil tam pulsuz ola bilərmi?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, bu məsələdə təhsil səviyyəsini qonşu ölkələrlə müqayisə edərkən əhalinin sayı da mütləq nəzərə alınmalıdır:
“Məsələn, istər Gürcüstanı, istərsə də Ermənistanı əhali sayına görə Azərbaycanla müqayisə etmək mümkün deyil. Çünki onların əhalisi Azərbaycanın əhalisindən az qala üçdə biri qədərdir. Yəni, Gürcüstanda təxminən 3 milyon, Ermənistanda da bir o qədər əhali var. Azərbaycanın əhalisi isə 10 milyon 200 min nəfərdən çoxdur.
Təhsil alan tələbələrin sayını müqayisə edəndə də bu amil açıq şəkildə görünür. Azərbaycanda həm bakalavr, həm də magistratura pilləsində təhsil alan tələbələrin sayı 200 min nəfərdən çoxdur. Lakin Gürcüstanda bu rəqəm 88–89 min nəfər civarındadır, Ermənistanda da təxminən eyni göstəricidir. Ona görə də Azərbaycan belə qərarlar qəbul edərkən bu amili də diqqətə alır.
Əlbəttə ki, könül istər ki, ölkə əhalisi ali təhsil müəssisələrində pulsuz təhsil almaq imkanı əldə etsin və bu istiqamətdə də son illər müəyyən işlər görülür. Məsələn, təkcə 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin demək olar ki, 50 faizə yaxını məhz dövlət sifarişi hesabına təhsil qazanıb. Bunun üzərinə sosial həssas qrupa daxil olan, yəni sosial statusu olan şəxsləri də nəzərə alsaq, təxminən 35 min nəfər və daha çox insan demək olar ki, dövlət sifarişi, yəni dövlət büdcəsi hesabına təhsil alır. Bura şəhid ailələri, məcburi köçkünlər, valideyn himayəsindən məhrum olmuş şəxslər və sair kateqoriyalar daxildir.
Yəni bütün bunları birlikdə nəzərə alsaq, sonuncu tədris ilində bu qədər şəxs pulsuz təhsil almaq hüququ qazanıb təkcə bakalavr pilləsində. Magistratura pilləsində isə təxminən 6–7 min nəfər dövlət sifarişi hesabına təhsil qazanıb. Burada da yenə sosial statusa malik təhsil alanları nəzərə aldıqda, təxminən 8 min nəfərə yaxın şəxs məhz dövlət sifarişi ilə təhsil alır. Həm magistratura, həm də bakalavr pilləsi birlikdə götürüldükdə isə hər il demək olar ki, təxminən 45 min nəfərdən çox şəxs ölkədə pulsuz ali təhsil qazanmış olur”.
Elçin Əfəndi “sırf dövlət dilində olan təhsilin pulsuz olması” məsələsi ilə razılaşdığını deyib:
“Yəni dövlət dilində olan ixtisaslarda təhsil pulsuz olmalıdır. Paralel olaraq digər dillərdə - burada ingilis və rus dili bölmələrində də düşünürəm ki, dövlət sifarişi verilməlidir ki, insanlar pulsuz təhsil ala bilsinlər. Bizdə tədricən bu istiqamətdə də işlər görülür.
Bununla paralel olaraq, insanların sırf maliyyə səbəbindən təhsilini yarımçıq qoymaması üçün bir neçə il əvvəl Prezidentin müvafiq sərəncamı əsasında Təhsil Tələbə Kredit Fondu yaradıldı və bu fond da insanlar üçün təhsillə təmin olunma baxımından müsbət imkanlar yaratdı.
Doğrudur, 2023-cü ildə təxminən 8500 nəfərdən çox şəxs məhz təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən xaric olunmuşdu. Lakin onların bir hissəsi bərpa olundu və növbəti ildə, yəni 2024-cü ildə bu rəqəm demək olar ki, yarıbayarı azalmışdı. Bu da məhz Kredit Fondunun yaratdığı imkanlar hesabına mümkün oldu. Amma təbii ki, istərdik ki, dövlət maksimum imkanlar yaratsın və vətəndaşlar ali təhsili pulsuz əldə edə bilsinlər”.
Xalidə Gəray
Musavat.com
