Saat:11:57
Haqqımızda

"Göygöl Prokurorluğu övladımın qanını batırır" - Kəlbəcər sakinindən PREZİDENTƏ MÜRACİƏT / VİDEO

2025-07-11 12:08:35

Kəlbəcər rayonu, Allıkənd kənd sakini, hazırda Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən ADAU-6 yataqxanasında yaşayan Allahverdiyev Yasin İman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

"Cənab Prezident!

Diqqətinizə çatdırım ki, ehtiyatda olan hərbi qulluqçuyam, Antiterror əməliyyatları və Vətən müharibəsi zamanı aşağıdakı medallarla təltif olunmuşam:

1) Vətən müharibəsi iştirakçısı medalı. 
2) Hərbi xidmətdə fərqlənməyə görə üçüncü dərəcəli medalı. 
3) On illik qüsursuz xidmətə görə medalı. 
4) Kəlbəcərin azad olunması medalı.

Bundan əlavə, Azərbaycan Veteranları, Şəhid ailələri, Müharibə Əlilləri İctimayi Birliyi tərəfindən Ordunun 100 illiyinə həsr olunmuş medallarla və çoxsaylı fəxri fərmanlarla təltif olunmuşam.

Sizi narahat etməkdə məqsədim ondan ibarətdir ki 18.05.2024-cü il tarixdə 19.09.2010 təvəllüdlü övladım Allahverdiyev Murad Yasin oğlu iki nəfər sinif yoldaşı tərəfindən öldürülərək, daşqın selə atılmışdır.

Dəfələrlə qəbullarda olmuşam, çoxsaylı ərizələr yazmışam, telefon danışıqları aparmışam və.s. buna baxmayaraq Göygöl Rayon Prokurorluğu övladımın qanını batırır.

Bir azərbaycanlı kimi xahiş edirəm, mənə kömək edin. Artıq dözə bilmirəm, bezmişəm. Bir qız övladıma görə birtəhər dözürəm. Bəzən düşünürəm ki, ya cinayətə əl atım, ya da özümə qəsd edim. Çox çıxılmaz vəziyyətdəyəm.

Onu da nəzərinizə çatdırım ki, məhkəmənin qərarı olmadan, qəbri mənə qazdırıb, üç gün açıq saxlatdırdılar. Üç gün qəbirdə yatmışam. İki aydır "Space" televiziyasına, Amil Xəlilin verilişinə çıxırıq. Heç bir qrumun marağında deyil ki, bunlar çıxıb televiziyada canlı yayımda nə danışırlar...

Övladımın qanını batırmaq istəyirlər. Xahiş edirəm, göstəriş verin, işə baxılsın. Hansısa maraqlar şəxslər imkan vermirlər ki, cinayət işi açılsın.

Qeyd edim ki, oğlum Muradı öldürən şəxslər bizim qohumlarımızdır. Şübhələnməyimə səbəb budur ki, Murad tapılmayan gün həmin ailələrlə əlaqə saxladım. Mənə çox qarışıq sözlər dedilər. Gah dedilər boğulub, gah dedilər, meşəyə gediblər. Daha sonra dedilər ki, Elcanı sel aparırmış, Murad onu xilas edib.

Muradın cansız cəsədini yuyan şəxslər bu günə kimi deyirlər ki, başında xəsarətləri var, burnu qırılıb, sinəsində təpik izləri var idi. Sel aparmış adamın sinəsində təpik izi necə ola bilər? Bunun kimi bir çox sirlər var. Mənim günahım o olub ki, uşağı basdırmamış ekspertiza tələb etmədim. Hazırda da bütün qurumlar məni qınayır ki, vaxtında etməmisən, indi də sakit otur yerində.

Uşağın paltarını görəndə isə daha dəqiq əmin oldum ki, Muradı öldürüblər. Paltar qanın içindəydi. Uşağın cansız bədənində paltar olmayıb. Paltar gizlədilmişdi, sonradan üzə çıxdı. Bu kimi şübhələərə əsasən başa düşdüm ki, mənim uşağımı öldürüblər.

Əvvəl niyə ekspertizaya müraciət etmədim, bunun cavabı isə odur ki, inandım, dedim, hadisədir olub. Yuxarıda qeyd etdiyim faktlar isə məni bu şübhələrə saldı.

Onu da qeyd edim ki, məni təhdid edirlər. Narkotiklə tutduracaqlarını deyirlər. Səlahiyyətli qurumlardan xahiş edirəm, bu işlə bağlı kömək edilsin. 

Mən ürəyi, canı yanmış bir atayam. Heç bir məmurdan da haqqım olmayan heç nəyi istəmirəm. Övladımı öldürən şəxsləri cinayətə cəlb edin, xahiş edirəm".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.