Evə girib qadını öpdü - TAVA ilə döyüldü
Qusarda gecə evə basqın edərək qadını öpən kişiyə elektron qolbaq taxılıb.
Hurriyyet.az xəbər verir ki, rayonun Aşağı Ləgər kənd sakini Oruc Qasımovun (ad və soyad şərtidir) işinə Qusar Rayon Məhkəməsində baxılıb.
İttihama görə, 35 yaşlı Oruc Qasımov saat 23 radələrində qonşusunun hasarından aşıb və evə qanunsuz daxil olub. Daha sonra o, ev sahibəsini yatılı vəziyyətdə görərək ona yaxınlaşıb. Əvvəlcə alnından öpüb, sonra isə çiyinlərindən tutaraq oyatmaq istəyib. Qadın oyanıb və onu süpürgə ilə evdən qovub.
Faktla bağlı Cinayət Məcəlləsinin 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə evə daxil olma) maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən Oruc Qasımov ifadəsində bildirib ki, hadisə zamanı sərxoş olub. Onun sözlərinə görə, gecə saatlarında yük daşımağa kömək etmək üçün həmin evə girib, daha sonra öz evinə gedərək həyətdə yatıb. Dediyinə görə, bir az sonra polis əməkdaşları gələrək, onu saxlayıblar. O, əməlindən peşman olduğunu qeyd edib.
Zərərçəkən qadın isə Orucu kömək üçün çağırmadığını deyib:
"Oruc kömək edib getmişdi. Gecə saatlarında qəfil evimə girdi. Sonra bildim ki, darvazadan yox, bağ tərəfdən girib həyətə. Alnımdan öpüb, çiynimdən tutdu və qışqırmamağım üçün boğazımı sıxdı. Özümü müdafiə etmək üçün süpürgə ilə Orucu vuranda məni buraxdı. Sonra tavanı sifətinə vurdum".
O, Orucla barışmadığını və onu bağışlamadığını bildirib.
Şahidin sözlərinə görə isə Oruc özü də ailəlidir və üç övladı var. Hadisə zamanı qadın çöldə qışqırıb, uşaqları da qorxudan ağlayıblar.
Qusa Rayon Məhkəməsinin hökmü ilə Oruc Qasımova elektron qolbaq taxılıb və barəsində 480 saat ictimai iş cəzası verilib.\\Lent.az
