Ərzaq məhsulları kəskin bahalaşır — İqtisadçılardan xəbərdarlıq
Son günlər marketlərdə qiymət artımı müşahidə olunur. Xüsusən də bir sıra gündəlik ərzaq məhsullarının, o cümlədən, şəkər, yağ və unun qiyməti qalxıb.
Bəs qiymət artımının səbəbləri nələrdir?
Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda bahalaşma 2020-ci ildən bəri böyük sürət qazanıb:

“Bizdə 2020-ci ilə qədər inflyasiya daha az idi, amma pandemiyadan sonra inflyasiyanın kəskin artdığını görürük. Son zamanlar isə bunun bir neçə səbəbi var. Azərbaycanda bir “ənənə” var: Yeni il və Novruz bayramı ərəfəsində qiymətlər daha sürətlə artır. Tələbat artır, tələbatın artması mal və xidmətlərin qiymətlərinə təsir göstərir. Bundan başqa, indi xəbərlər yayıldı ki, təqaüdlər də təxminən 10 faiz artacaq. Nə qədər qəribə səslənsə də, bunun da psixoloji təsirləri var. Amma əsas fundamental səbəb odur ki, Azərbaycan özünü ərzaq məhsulları ilə təmin etməkdə çətinlik çəkir. Bizim ərzaq məhsulları ilə özünütəminetməmiz təqribən 25 faizdir. Məhsulların 75 faizini xaricdən asılıyıq. Bu asılılıq nə qədər çox davam edəcəksə, ölkə daxilində qiymət artımını təəssüf ki, o qədər tez-tez müşahidə edəcəyik. Novruz bayramına qədər qiymətlərin daha sürətlə artmasını görəcəyik, amma sonra bir az səngiyəcək. Əsasən də yerli məhsulla bazara daxil olanda - təqribən may–iyun aylarından sentyabr–oktyabr ayına qədər qiymət artımının sürəti azalacaq”.
İqtisadçı Xalid Kərimli isə Bakupost.az-a açıqlamasında bildirdi ki, Statistika Komitəsinin məlumatı olmadığına görə, məsələyə münasibət bildirmək yanlışdır:

“Statistika Komitəsi aylıq məlumat verir. Bəlkə kimsə hansısa brend alıb, o bahalaşıb. Yəni orta qiymətləri Statistika Komitəsi ortaya çıxara bilər. Bazarda isə vəziyyət başqa cürdür. Məsələn, səhər gəlib pomidoru bir qiymətə alırsınız, axşam başqa qiymətə. Eynisi supermarketlərə də aiddir. Bu gün bir qiymətə, sabah başqa qiymətə alırsınız. Tarif Şurasının təyin etdiyi qiymətlər barədə hökumət məlumat verir, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi qiymətlər də eləcə. Amma qalanlarını bazar özü müəyyənləşdirir.
Bahalaşmanın daha da artacağı gözlənilir. Həm Mərkəzi Bankın, həm hökumətin proqnozlarına görə, gələn il inflyasiya 5,3–5,5 faiz olacaq. Mərkəzi Bank 5,3 faiz, hökumət isə 5 faiz ətrafında deyir. Builki inflyasiya hazırda 6 faizdir. Gələn il də təqribən bu qədər inflyasiya gözlənilir”.
