Saat:18:49
Haqqımızda

Əli Orucov: “Trampın yürütdüyü siyasət Kremlin maraqlarına xidmət edir”

2025-12-11 17:58:34

Əli Orucov: “Trampın yürütdüyü siyasət Kremlin maraqlarına xidmət edir”

“Donald Trampın son zamanlar Ukrayna ilə bağlı etdiyi təzyiq və tələbləri beynəlxalq hüquq normalarına tamamilə zidd hesab edirəm. Bu, suveren bir dövlətə qarşı hörmətsizlikdir”. 

Bu barədə Hurriyyet.az-a politoloq Əli Orucov ABŞ prezidenti Donald Trampın Ukraynada prezident seçkiləri tələbi barədə danışarkən deyib.

“Bu, həm də gələcəkdə təhlükəli bir presedent yarada bilər. İkincisi də Ukraynada prezident seçkisinin keçirilməsi müharibə dövründə qeyri-mümkün olduğuna görədir. Ukrayna-Rusiya müharibəsinin kökü və onun həlli Zelenskinin prezident olub-olmamasında deyil. Burada əsas səbəb Rusiyanın işğalçı niyyətləri, planlarıdır və onun imperiya yaratmaq ambisiyalarından ibarətdir”,-deyə politoloq əlavə edib.

Ə.Orucov vurğulayıb ki, Ukraynada prezident seçkilərinin keçirilməsi və onun necə baş tutacağı da yenə Ukrayna xalqının iradəsindən asılıdır: “Bunu kənar dövlətlər, o cümlədən Amerika Birləşmiş Ştatlarının Prezidenti tələb edə bilməz, müdaxilə edə bilməz. Bu, tamamilə əsassız bir iddiadır. Trampın son dövrlər yürütdüyü siyasət də, onun təqdim etdiyi həll proqramı da birbaşa Kremlin maraqlarına xidmət edir. Bu, artıq Qərb tərəfindən də açıq şəkildə bəyan edilib. Zelenskinin də mövqeyi aydındır. O, ərazi güzəştlərinə getməyəcək. Bu, konstitutsion normadır. Yəni ərazilərin dəyişdirilməsi və ya güzəşt olunması ancaq referendum yolu ilə həll olunacaq məsələdir. Yəni bütün bunların hamısını kobud surətdə kənara qoyub, “mən belə istəyirəm”, “belə olmalıdır” fikri qətiyyən qəbuledilməzdir”. 

Bu təzyiqlərin nəticə verməyəcəyini bildirən Ə.Orucov diqqətə çatdırıb ki, bundan qabaq da Trampın Zelenskiyə müxtəlif vasitələrlə təzyiqləri var idi: “Bunlar onu necə öz istəyinə çatdıra bilmədisə, bundan sonra da belə olacaq. Nə vaxt müharibə bitəcəksə, nə vaxt Ukrayna xalqı, dövləti işğalçıları öz ərazilərindən qovacaqsa, ondan sonra, bəli, seçkilər də ola bilər, digər məsələlərin də həllinə nail olmaq olar”.

CAVİD