Saat:22:50
Haqqımızda

"Dövlət İmtahan Mərkəzinin ləğv olunması böyük bir biabırçılıq olar"

2025-11-13 20:31:34

Bir çox insan son zamanlar hesab edir ki, Dövlət İmtahan Mərkəzi (DİM) ləğv olunmalı və ali məktəblərə qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən həyata keçirilməlidir. Onların fikrincə, bu dəyişiklik həm şagirdlər, həm də valideynlər üçün prosesi sadələşdirə, əlavə imtahan gərginliyini azalda bilər. Cəmiyyətin bir hissəsi düşünür ki, iki mərhələli imtahan sistemi həm buraxılış, həm də qəbul imtahanları abituriyentlər üçün artıq yük yaradır.

Mövzu ilə bağlı Redaktor.Az-a danışan təhsil eksperti Kamil Talıbov bildirdi ki, Dövlət İmtahan Mərkəzinin ləğv olunması böyük bir biabırçılıq olar:

"Çünki ölkənin ən şəffaf işləyən qurumu Dövlət İmtahan Mərkəzidir. Bu dəqiqə hər hansısa maddi imkanı zəif olan bir ailənin övladı heç kimə bir manat vermədən universitetə qəbul olursa, bu Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin sayəsində olur. Ona görə Dövlət İmtahan Mərkəzinin ləğvi yox, hətta ölkədə olan digər imtahanlar, məsələn, işə qəbul imtahanları da Dövlət İmtahan Mərkəzinə keçirilməlidir. Çünki Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar həqiqətən şəffaf olur və hər şey orada ən incə ayrıntısına qədər fikirləşilir. Ona görə mən düşünürəm ki, Dövlət İmtahan Mərkəzinin ləğvi ölkədə yeganə təmiz işləyən qurumun ləğv olunması deməkdir. Bu, böyük bir yanlışlıq olar".

Onun sözlərinə görə, abituriyentlərin buraxılış imtahanları ilə universitetə qəbulu müzakirə olunacaq məsələ deyil:

"Çünki buraxılış imtahanlarında tədris olunan fənlərdə düşən sualların orta məktəb proqramına yaxından-uzaqdan dəxli yoxdur. Ən azından Azərbaycan dili fənnində orta məktəbdə keçilənlə qəbul imtahanına düşən suallar arasında böyük bir ziddiyyət fərqi var. Azərbaycan dili dərslikləri, çox təəssüf ki, orta məktəb dərsliklərinin heç biri qəbul imtahanı və universitetə qəbul imtahanı tələblərini ödəmir. Şagirdlər sırf buna görə repetitor yanlarına müraciət edirlər. Yəni Dövlət İmtahan Mərkəzi ləğv olunmamalıdır. Ölkənin yeganə işləyən qurumunu ləğv etmək olmaz".

 

Nuriyyə NATİQQIZI