“Dil milləti məhv olmağa qoymayan dəyərdir” – ELDƏNİZ QULİYEV
“Xəbərlə mübtədanın yerini dəyişməklə hər şey həll olunmur ki…”
“Mən Azərbaycan yazıçısıyam, bəzən nə aparıcıların, nə də onun qonaqlarının dilini başa düşmürəm”
Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfrans keçirildi. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, AYB-nin sədri Anar Rzayev, Audiovizual Şuranın sədri İsmət Səttarov, deputatlar və digərləri iştirak ediblər.
Dilimizin mövcud vəziyyəti və perspektivləri mövzusunda keçirilən konfransla bağlı “Hürriyyət”ə danışan yazıçı, kinodramaturq Eldəniz Quliyev bildirdi ki, o, keçirilən konfransı təqdirəlayiq hesab edir: “Yaxşı ki, son zamanlar dilimizə, Azərbaycan dilinə önəm verilir. Amma dilimizi qorumaq, hifz etmək yetərincədirmi? Bunun birmənalı cavabı budur ki, “yox”. Bilirsiniz, dil mənim aləmimdə obrazlı desək - insanın dili, yəni onun ağzında olan dili var ha, o da dişlər vasitəsilə, insanın ağzı vasitəsilə qorunur - o cür qorunmalıdır. Görürsən, ağız öz dilini nətəhər qoruyur. Millət də dilini elə qorumalıdır.
Amma dil təkcə qorumaqla qurtamır, o həm də dad biləndir. Elə deyil? Dadın acısını, şirinini biləndir. Və təbii ki, öz dilimizə zaman-zaman dadlı şeylər də əlavə etmək lazımdır, ağız nətəhər öz dilinə qəbul etdirirsə. Yəni bu məsələdə biz bəzən çox mühafizəkar oluruq, bəzən isə ifrata varırıq. Dil bir prosesdir və çay kimi axır. Deyirlər, bir çaya bir dəfə baxmaq olmaz. O çay gedir, o artıq gördüyün çay deyil və dil də zənginləşməlidir, amma ağılla, bizim ahəng qanunlarına uyğun, hətta mental şüurumuza, keyfiyyətimizə dəxli olaraq zənginləşməlidir”.
E.Quliyev hesab edir ki, hər bir millətin, hər bir etnosun dili onun ən böyük var-dövlətidir: “Dil millətin qoruyucusu, onu mühafizə edən, onu saxlayan, məhv olmağa qoymayan bir dəyərdir. Yəni ona bu cür yanaşmaq lazımdır. Tutaq ki, hər hansı bir ölkənin var-dövləti ehtiyat xəzinəsində saxlanılır. Bax, dil də o cür olmalıdır. Həmin xəzinədən daha çox var-dövlət çıxmağa qoymurlar, amma oraya əlavə gələn var-dövləti qəbul edirlər. Bax, o cür olmalıdır. Gələn var-dövlət də dövlətdə olmalıdır. İndi bilmirəm, o alimlər, dilçilər, ədəbiyyatşünaslar orada nələr danışıb, amma onu bilirəm ki, son zamanlar bəzən absurd sözləri də dilmizə gətiriblər, filan sözü demək olmaz, başqa cür demək lazımdır. Hətta gülünc dəyişikliklər ediblər. Əgər cəhd edirlərsə, cəhd edənə maneə yoxdur. Biz öz dilimizə elə-belə demirik ki, Ana dili. Anamızın dilini, atamızın dilini qoruyub, zənginləşdirək”.
Audiovizual Şuranın sədri İsmət Səttarovun “Azərbaycan televiziyalarında verilişlərdə monitorinq etdik və aparıcılar tərəfindən iki həftə ərzində 3 minə yaxın əcnəbi sözün işləndiyinin şahidi olduq, yanvar ayından xəbərdarlıq göndərəcəyik” fikrinə münaibət bildirən E.Quliyev belə söylədi: “Bunlar yatıb, nə yuxu görüblər?! Əcnəbilərə aid üç min söz? Bu, nə deməkdir? Orada üç min yox... Yəqin ki, o adam sıfırın birini ixtisar edib. Əvvəla, ondan başlayaq. İkinci, heç əcnəbi yox, öz dilmizi orada nətəhər sındırırlar?! Öz doğma Azərbaycan dilini nətəhər sındırırlar?! Xəbərlə mübtədanın yerini dəyişməklə hər şey həll olunmur ki. O qədər idbar dillə danışırlar ki, adamın matı-qutu quruyur. Məəttəl qalırsan ki, bu, bizim dildir?!
Mən Azərbaycan yazıçısıyam, nə aparıcıların, nə də onun qonaqlarının dilini bəzən başa düşmürəm, əndirabadi bir şeydir. Yəni Audiovizual Şura bunlara da fikir verməlidir. Hazırda Azərbaycan televiziyalarının verilişlərinin səviyyəsi, hamısına aid olmasa da, çoxu sıfırdan aşağı səviyyədədir, həm o aparıcıların mədəniyyəti, həm onların dünyagörüşü, intellekti, eləcə də dili. Dil biabırçıdır. Tarixdir nədir, elə danışır ki. Ən yaxşı Azərbaycan dilində danışan Zaurdu, amma bir də görürsən elə sapmalar edir ki, adamın matı-qutu quruyur.
O üç Zaurun ikisini ümumiyyətlə, çıxmaq lazımdır. O Şuşalı Zaur dili bilir, amma bəzən özünə sərbəstlik verir ki, o da olmaz. Hətta onun danışığı, hissləri bir az süni, saxta olmasa, bəlkə də onun tok-şousu qəbuledilən ola bilərdi. Yəni birinci aparıcılardan başlamaq lazımdır. Aparıcıların səviyyəsi yuxarı olsa, keyfiyyətli danışa bilsələr, daxili mədəniyyətləri olsa, onların dəvət etdiyi qonaqlar da özlərini yığışdıracaqlar”.
“Mən demirəm, əksər tok-şoular bağlanmalıdır, amma keyfiyyətinə baxmaq lazımdır. İlk növbədə, dilin keyfiyyətinə baxmaq lazımdır. Onların nə danışdığı və necə danışdığına baxmaq lazımdır. Ola bilsin ki, səviyyəsiz birini məcbur edəsən ki, ədəbi dillə danış, nöqtə-vergülün yerində olsun, pauzalar yerində olsun, qrammatikanın bütün qayda-qanunlarına riayət elə, amma bunun içi boşdursa, öz daxili mədəniyyəti yoxdursa, tamaşaçı ondan nə anlayacaq?”,- deyə yazıçı sonda əlavə etdi.
CAVİD
