Saat:00:26
Haqqımızda

Daha bir icra başçısının Ramiz Mehdiyevə villa bağışlaması ortaya çıxdı

2025-11-17 21:44:21

Daha bir icra başçısının Ramiz Mehdiyevə villa bağışlaması ortaya çıxdı

Şabran rayonunun icra başçısı Asif Hüseynovun da hazırda dövlətə xəyanət ittihamı ilə ev dustaqlığında olan Ramiz Mehdiyevə, onun arvadı Qalina Mehdiyevaya Siyəzəndə torpaqlar verməsi haqda məlumat var.

Bu barədə Şabran rayonunda məskunlaşan keçmiş məcburi köçkün Məhəmməd Məmmədov 7times-ə açıqlama verib.

Vaxtilə Şabranda vəzifə tutmuş Məhəmməd Məmmədov icra başçısı Asif Hüseynovun Qalaaltıda villasını təmir etdirdiyini, villa tikib bağışladığını bildirib.

Məhəmməd Məmmədov icra başçısının Qarabağlar kəndində 120 hektar ərazidə dövlət hesabına artezian quyuları vurdurduğunu, həmin quyulardan çıxan sudan əhaliyə verilmədiyini də açıqlayıb.

22 il Azərbaycan hakimiyyətinin ən yüksək zirvəsində təmsil olunan Mehdiyev bu illər ərzində milyardlarla manatlıq var-dövlətə sahib olub. Hər təyinatdan sonra vəzifəlilər Mehdiyevin hüzuruna gedib, onun qeyri-rəsmi tələb və tövsiyələrini dinləyib, sonra isə vəzifələrinin icrasına başlayıblar. Ramiz Mehdiyevin fəaliyyət dövründə onu sərvət sahibi edən əsas şəxslər isə rayon və şəhər icra hakimiyyətlərinin başçıları olub. Demək olar ki, müxtəlif illərdə Bakının rayonlarına rəhbərlik edən məmurlar Mehdiyevə villalar və yaşayış binalarında çoxsaylı mənzillər hədiyyə ediblər.

Xatırladaq ki, Ramiz Mehdiyevə Qəbələdə fövqəladə hallar naziri Kamaləddin Heydərovun qala kimi imarət hədiyyə etməsi iddiası vardı. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, bölgədəki sakinlər illərdir həmin versiyanın dolaşdığını bildirirlər. Onların sözlərinə görə, Mehdiyev villaya yalnız ildə bir dəfə, əsasən ailə tədbirləri zamanı gəlir. Sonuncu səfəri isə kürəkəni İlham Əliyevin övladının ad günü mərasiminə təsadüf edib. Həmin gün əraziyə onlarla avtomobil və mühafizə əməkdaşı cəlb olunub, əraziyə giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb.

Mənbələrin iddiasına görə, Mehdiyevin Qəbələdə daha 2 bahalı villasının da olduğu bildirilir. Hər iki mülk onun qızı Kamilə Əliyevanın adına rəsmiləşdirilib. Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə bir çox icra başçısına özünə ev və digər mülklər tikdirdiyi artıq yeni xəbər deyil. Məsələn, Xaçmaz rayonunun Nabran istirahət zonasında 1 hektar ərazini əhatə edən 4 mərtəbəli villa 2012-ci ildə Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən tikilərək Mehdiyevə hədiyyə edilib. Villanın daxilində hovuz və idman meydançası da mövcuddur.

Ramiz Mehdiyevə villa hədiyyə edən icra başçıları arasında Siyəzən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Novruz Novruzov da yer alır. O, Şabran rayonuna rəhbərlik etdiyi dövrdə Kilvar kəndində meşəyə bitişik iki mülk tikdirərək Mehdiyevə hədiyyə edib. Ramiz Mehdiyev Şabran dağlarında yerləşən bu mülkdə istirahətə üstünlük verib. Həmin kənddə, Ramiz Mehdiyevin mülkünə bitişik ərazidə köhnə erməni kilsəsi də var. Kilvar əldən-ayaqdan uzaq bir kənddir, həmin kəndin ucqar hissəsində, yan-yana inşa edilən bu evlərdən biri taxta konstruksiyalıdır.

Rayon mərkəzindən təxminən 30 km məsafədə yerləşən kənddə Ramiz Mehdiyevə məxsus daha bir villa da mövcuddur. Bakının Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov da sabiq PA rəhbərinə villa hədiyyə edən məmurlar sırasında olub. Şüvəlan bağları, “Gülçülük sovxozu” adlanan elit ərazidə inşa edilmiş 1000 kvadratmetrlik villa ötən il 1 milyon 300 min manata satışa çıxarılıb. Bu villa Mehdiyevin kürəkəni İlham Əliyevin adına sənədləşdirilmişdi.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov da Mehdiyevin kadrlarından biri olub. Alxasov 2007-ci ildə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev onu kollektivə təqdim etmişdi. Şair Alxasov icra başçısı olduğu illərdə Mehdiyevin özünün və ailə üzvlərinin Qusarın Çiləgir kəndində dəbdəbəli malikanələrini tikdirib. O, malikanələrin tikintisinə şəxsən rəhbərlik edib. Həmin malikanələrdən biri Qusar-Laza yolunun kənarında, meşənin içərisinə qədər uzanan 40 sotluq ərazidə inşa edilib. Üçmərtəbəli bu malikanə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur. Malikanənin fotolarını isə 2020-ci ildə Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabında paylaşmışdı.

Musavat.com-a daxil olan məlumata görə, hazırda Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaq çərçivəsində onun rəhbərlik etdiyi dövrdə villalar və mənzillər hədiyyə edən məmurların siyahısı da dəqiqləşdirilir.

Məlumata əsasən, hüquq-mühafizə orqanlarına artıq həmin şəxslərlə bağlı tapşırıq verilib. Məlumata görə, Ramiz Mehdiyevə “hörmət” göstərərək ev, torpaq və ya pul hədiyyə edən və bunu könüllü şəkildə etiraf edən icra başçıları və məmurların məsuliyyətə cəlb olunmayacağı barədə onlara rəsmi xəbərdarlıq edilib. Əvəzində bu barədə məlumatı gizlədən, yaxud Mehdiyevin tapşırığı ilə dövlət vəsaitlərini şəxsi məqsədlərə yönəldən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istisna edilmir.

Beləliklə, sabiq Prezident Administrasiyası rəhbərinin illərlə “kölgə hökuməti” kimi qurduğu şəbəkə indi öz içindən çözülməyə başlayıb. Kiminsə hədiyyə etdiyi villa indi onun öz cəza sənədinə çevrilə bilər. Ramiz Mehdiyevin sisteminə bir vaxtlar sədaqət andı içənlər indi ya etirafla canını qurtaracaq, ya da susmaqla öz taleyini möhürləyəcək. Bu şəxslərə ən ağır cəzalar veriləcəyi də gələn məlumatlar sırasındadır.

Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasına rəhbərlik edib, ölkənin siyasi idarə sistemində ən yüksək qərarları verən fiqurlardan biri olub. Buna baxmayaraq, onun gəlir və əmlak bəyanatlarında belə miqyaslı mülk heç vaxt göstərilməyib.

Ekspertlər hesab edirlər ki, bu kimi halların ictimaiyyətə açıqlanması dövlət məmurlarının şəffaflıq öhdəlikləri və korrupsiya ilə mübarizə prinsipləri baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda Ramiz Mehdiyev istintaq orqanlarının diqqət mərkəzindədir və onun illərlə topladığı gizli sərvətlərin hüquqi mənşəyi barədə araşdırmalar davam edir. \\Musavat.com