Bu restoranların menyularında “dəvə qutabı” olsa da, özü yoxdur... - Fotolar
Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib.
Hurriyyet.az xəbər verir ki, yoxlama zamanı “Nicat” restoranı və “Balıqçı” kafesində “dəvə qutabı” adı ilə istehlakçılara təqdim olunan qutabların tərkibindəki ətlərin mənşəyi və təhlükəsizliyi barədə sənədlərinin mövcud olmadığı məlum olub. Bununla da “Qida təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunların tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliklə müəyyən olunmuş zəruri tədbirlərin görülməsi üçün sahibkarlara müvafiq göstərişlər verilib.
Reyd zamanı “Rest Time”, “Diana”, “Santo Mare”, “Sun Set”, “Duyğu”, “Yaxta”, “Gəmi” restoranlarının menyularında “dəvə qutabı” qeyd olunsa da, sahibkarları uzun müddətdir ki, bu xidmətin dayandırıldığını bildiriblər.
Qeyd olunub ki, nəzarət tədbirləri davam etdirilir.




