Bu kateqoriyadan olan şəxslərə ödənişsiz vəkil təyin olunur – SİYAHI
Azərbaycanda müəyyən hallarda vətəndaşlara dövlət hesabına ödənişsiz (pulsuz) vəkil təyin edilir. Bu barədə vəkil Esmira Rzayeva məlumat verib.
Hurriyyet.Az xəbər verir ki, onun sözlərinə görə, məhkəmə iddianın əsaslılığına dair ilkin sübutları nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və bu ödənişin dövlət büdcəsi hesabına həyata keçirilməsi barədə qərar qəbul edə bilər:
-
Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən şəxslər, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar;
-
İnsan alverinin qurbanları və məişət zorakılığından zərər çəkmiş şəxslər;
-
Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
-
Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
-
Məşğulluq orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;
-
Maddi vəziyyəti məhkəmə tərəfindən yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı qiymətləndirilən şəxslər.

Esmira Rzayeva bildirib ki, kifayət qədər vəsaiti olmayan şəxs hüquqi yardım üçün vəkil qurumuna müraciət etməlidir. Qurum isə bu müraciət əsasında yerli məhkəməyə ərizə təqdim edir.
Məhkəmə bu ərizəyə 15 gün ərzində, təxirəsalınmaz hallarda isə dərhal baxmalıdır.
Məhkəmə qərar qəbul edə bilər ki:
-
Şəxs vəkilin hüquqi yardım haqqını ödəməkdən azad edilir;
-
Vəkilin haqqı dövlət büdcəsi hesabına ödənilir;
-
Yaxud bu yardımdan imtina olunur.
Qərardan müvafiq qaydada şikayət vermək mümkündür. Əgər iddia təmin edilərsə, vəkilə ödənilmiş vəsait qarşı tərəfdən tutularaq dövlət büdcəsinə qaytarıla bilər.
Vəkil qeyd edib ki, əsas məqsəd maddi imkanı zəif olan vətəndaşların ədalət mühakiməsinə çıxışını təmin etməkdir.\\KONKRET.az
