Saat:16:36
Haqqımızda

Bu gündən avtobuslarda onları görəcəyik - Qadın sürücülər işə başlayır - Fotolar

2025-11-24 12:26:07

Bu gündən avtobuslarda onları görəcəyik - Qadın sürücülər işə başlayır - Fotolar

İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni təlim proqramı həyata keçirilib.

Hurriyyet.az xəbər verir ki, proqram çərçivəsində xanım namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər.

Təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edib. Təlim müddətində iştirakçılar baxış texnikası, manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə cəlb olunublar. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması təşkil edib. Eyni zamanda, sürücülər müxtəlif yol şəraitində qəza risklərinin minimuma endirilməsi ilə bağlı vacib bacarıqlar qazanıblar.

İştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından da keçiblər.

Xanım namizədlər “BakuBus” MMC-də sürücü kimi fəaliyyətə başlamaq üçün müraciət ediblər. Müraciətlər daxil olduqdan sonra namizədlər işə qəbul prosesi çərçivəsində tibbi müayinə, psixoloji qiymətləndirmə və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçiblər. Bütün mərhələləri uğurla tamamladıqdan sonra onlar “BakuBus” MMC-də sürücü kimi rəsmi şəkildə işə qəbul olunublar.

İşə qəbul mərhələsində xanımlar üçün “Ehtiyatlı idarəetmə və təhlükəsiz sürücülük” təlimi də təşkil edilib. Təlim zamanı sürücülərə sükan arxasında yarana biləcək faktiki və potensial təhlükə situasiyalarına düzgün reaksiya, fövqəladə manevr bacarıqları və təhlükəsiz hərəkət prinsipləri öyrədilib.

Noyabrın 24-dən isə xanım sürücülər rəsmi şəkildə fəaliyyətə başlayırlar. İlk müddətdə onların fəaliyyətinə təcrübəli mentor-sürücülər tərəfindən dəstək göstərilir.

Qadın sürücülərdən biri Xalidə Səmədova bu sənətə uşaqlıqdan marağı olduğunu deyib: “Avtobus sürücüsü olmaq uşaqlıq arzum idi. Ailəm də buna dəstək oldu. Bundan əvvəl ailə sürücüsü olaraq çalışmışam. Avtomobil sürmüşəm, avtobus sürəcəyəm, hətta “KamAz” belə olsa, sürərəm”.

Onun sözlərinə görə, AYNA tərəfindən keçirilən təlimlər onları həm nəzəri, həm də praktiki baxımdan hazırlayıb: “BakuBus”da işə qəbul proseslərində hər bir addımda peşəkar dəstək nümayiş olundu. Artıq fəaliyyətə başlayırıq. Sərnişinlərə təhlükəsiz, diqqətli və mədəni xidmət göstərməyə hazırıq”.

“BakuBus”ın digər qadın sürücüsü Rəna Cəfərova isə ixtisasının informatika müəllimliyi olduğunu, lakin sürücülüyə sevgisinin onu bu peşəyə gətirdiyini söyləyib: “Sürücü kimi işləmək uşaqlıq arzum olub. 20 ildən çoxdur ki, avtomobil idarə edirəm. Avtobus idarə etmək çətindir, amma bir o qədər də maraqlıdır. Bu işə başlamaq istəyən qadınlara tövsiyəm odur ki, gəlsinlər, bacarsınlar, bizim kimi fəaliyyət göstərsinlər, şəhərimiz gözəlləşsin”.

Qeyd edək ki, qadın sürücülər ilkin mərhələdə 140 və 121E ekspres marşrut xətləri üzrə fəaliyyət göstərəcəklər.