“BU, ERMƏNİSTAN ÜÇÜN TARİXİ FƏLAKƏTDİR” – Koçaryanın XİN başçısı “şüvən salıb”
Ermənistandakı rusiyapərəst və revanşist millətçi qüvvələr gözlənilən Azərbaycan - Ermənistan sülh razılaşmasını ermənilər üçün “tarixi fəlakət” kimi təqdim edirlər.
Hurriyyet.az xəbər verir ki, Robert Koçaryan dövrünün XİN başçısı Vardan Oskanyan həmişəki kimi sülhün əleyhinə olan təxribatçı açıqlama ilə çıxış edib. O, ötən həftə Əbu-Dabidə Ermənistan və Azərbaycan başçıları arasında baş tutan görüşü şərh edərkən, Paşinyan hakimiyyətini “xəyanətdə” günahlandırıb.
Oskanyan Facebook səhifəsində yazıb: "Hər şey aydındır: Paşinyan Sünik bölgəsindən keçən "dəhliz”ə razılıq verib ki, bu da əslində Ermənistan ərazisi üzərində suveren nəzarəti xarici qüvvəyə təhvil vermək deməkdir. Bu, ciddi strateji və siyasi güzəştdir, Ermənistanın ərazi bütövlüyünə birbaşa zərbədir və dövlətimizin onsuz da kövrək olan əsaslarında daha bir çatdır. Bu, Ermənistanın uzunmüddətli suverenliyi və milli təhlükəsizliyi üçün fəlakətdir”.
“Diplomat” iddia edib ki, Paşinyanın Əliyevlə görüşdən sonra Avropaya səfər etməsi, bu razılaşma ilə bağlı razılıq almaq məqsədinə xidmət edir: “Paşinyan, ehtimal ki, bu çox problemli sövdələşməyə Avropadan dəstək almaq üçün Brüssel və Parisə səfər edib. Paşinyanın əsas məqsədi 2026-cı il seçkilərinə qədər Azərbaycanla “sülh müqaviləsi” bağlamaqdır. Bu dar siyasi məqsədə çatmaq üçün o, təkcə əraziləri deyil, həm də erməni xalqının ləyaqətini, ədalətini, tarixi yaddaşını qurban verməyə hazırdır. Onun “sülh” adlandırdığı sənəd bizim dövlətin uğursuzluğunun rəsmi sənədidir. Paşinyan hakimiyyətdə olduğu yeddi il ərzində müasir Ermənistan tarixində ən böyük milli fəlakətə rəhbərlik edib. İndiki hakimiyyət Ermənistanın gələcəyinin qurulmasında heç bir rol oynamamalıdır. Onlar erməni xalqına rəhbərlik etmək iqtidarında olmadıqlarını dəfələrlə sübut ediblər”.
Göründüyü kimi, Moskvanın siyasi maşası olan bu cür həşəratlar məlum mərkəzdən gələn sifarişlə gözlənilən sülh razılaşmasını əngəlləmək və indiki erməni hakimiyyətini gözdən salmaq üçün hər cür çirkin informasiya təxribatlarına əl atırlar. Hakimiyyətdə olarkən Azərbaycanın beynəlxalq hüquqa tam uyğun olan rasional sülh təkliflərini rədd edən məhz bu qüvvələr sonda Ermənistanın biabırçı, acınacaqlı məğlubiyyətinin əsasını qoydular. İndi isə kənarda durub “suyu bulandırmaqla” məşğuldurlar.
“AzPolitika.info”
