Saat:15:35
Haqqımızda

BSU-nun rektoru Varşava Universitetində çıxış edib

2025-11-14 11:14:38

BSU-nun rektoru Varşava Universitetində çıxış edib

Noyabrın 13-də Polşanın Varşava Universitetində keçirilən “The International Conference on Turkic Studies” adlı beynəlxalq konfransın açılış mərasimində Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev çıxış edib.

Açılış mərasimində BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikasının səfiri Nərgiz Qurbanova, Türkiyə Respublikasının səfiri Rauf Alp Denktaş, Özbəkistan Respublikasının səfiri Əmirsəid Ağzamxodjayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova, Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı Professor Aqata Bareja Starzinska,iştirak ediblər.

Açılış mərasimində çıxış edən rektor A.Nağıyev  1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışaraq, növbəti ildə bu mühüm hadisənin 100 illik yubileyinin qeyd olunacağını və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bununla bağlı sərəncam imzalandığını vurğulayıb.

Anar Nağıyev bildirib ki, Polşada türkşünaslığın və türk dilinin tədrisi XV əsrə, xalqlarımız arasında əlaqələrin möhkəmləndiyi dövrlərə təsadüf edir. Rektor, 1472-ci ildə Ağqoyunlu hökmdarı Uzun Həsən və Polşa kralı Kazimir Yageloniçki arasında qurulmuş diplomatik münasibətləri xatırladaraq, Azərbaycan və Polşa xalqları arasındakı dostluq münasibətlərinin qədim tarixə malik olduğunu diqqətə çatdırıb.

O Azərbaycanda yaşamış və ölkənin mədəni, memarlıq və elmi inkişafında xidmətləri olan Pavel Pototski, Vitold Zqlentiski, İosif Qoslovski, İosif Ploşko, Kazimir Skureviç kimi polyak memar və mühəndislərin adlarını çəkərək, onların XIX–XX əsrlərdə Bakının inkişafında mühüm izlər qoyduğunu qeyd edib.

Rektor, həmçinin II Dünya müharibəsi zamanı Polşa ordusunda xidmət etmiş polkovnik Cahangir bəy Kazımbəylinin qəhrəmanlığından danışıb və konfransın belə böyük şəxsiyyətlərin xatirəsini anmaq, onların elmi və mədəni irsini qiymətləndirmək üçün mühüm platforma olduğunu vurğulayıb.

Çıxışında rektor Lütfi Zadə, Nəsirəddin Tusi, Nizami Gəncəvi, Əziz Sancar, Bəhmənyar Əl-Azəri, Yusif Məmmədəliyev, Kərim Kərimov kimi Azərbaycan və türk dünyasının görkəmli alimlərinin adlarını çəkərək, onların dünya elminə və mədəniyyətinə verdiyi töhfələri diqqətə çatdırıb.

Anar Nağıyev əlavə edib ki, Türkşünaslıq BSU-da əsas tədqiqat istiqamətlərindən biridir. Universitetin 2024-cü ildən Türk Dünyası Universitetlər Birliyinin (TÜRKÜNİB) üzvü olduğunu və Orhun mübadilə proqramında iştirak etdiyini bildirib. Rektor qeyd edib ki, bu ildən etibarən BSU-da özbək dilinin tədrisinə başlanılıb və universitetin Orta Asiya, Slavyan və Balkan regionları ilə coğrafi yaxınlığı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Eyni zamanda A.Nağıyev BSU-da polyakşünaslığın tədrisi 1996-cı ildən başlanıb və bu gün də tədrisin uğurla davam etdirildiyini bildirib.

Sonda konfrans iştirakçıları “Köhnə xəritələrdə Azərbaycan” (“Azerbaijan in old maps”) sərgisinin açılışında iştirak ediblər.

Hurriyyet.az