BSU-nun rektoru Tekirdağ Namık Kemal Universitetində “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib
Dekabrın 4-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Türkiyə Respublikasının Tekirdağ şəhərində yerləşən Tekirdağ Namık Kemal Universitetində tələbələr qarşısında “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib. Tədbirdə Tekirdağ Universitetinin rektoru, professor-müəllim heyəti və universitetin tələbələri iştirak ediblər.
.jpeg)
Tekirdağ Universiteti rektorunun müşaviri Halit Eren universitetlər arası münasibətlərdən danışıb və auditoriyanı rektorun avtobioqrafiyası ilə tanış edib.

BSU-nun rektoru Anar Nağıyev çıxışında Azərbaycanın siyasi coğrafiyası, keçdiyi tarixi mərhələ və müasir inkişaf yolundan söz açıb. O vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin əsasını milli ideologiyanın formalaşması təşkil edir. Ulu Öndər Heydər Əliyevin 1969–1982-ci illərdə milli şüurun oyanması istiqamətində gördüyü işlər, eləcə də 1993-cü ildə xalqın iradəsi ilə hakimiyyətə qayıdışı ölkəni siyasi böhrandan çıxararaq iqtisadi yüksəlişə aparıb. Atəşkəsin əldə olunması və “Əsrin müqaviləsi”nin imzalanması isə iqtisadi dirçəlişi təmin edib və ordunun güclənməsinə geniş imkan açıb.

Rektor qeyd edib ki, Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinə çalışsa da, Aprel və Tovuz döyüşləri Ermənistanın sülhə hazır olmadığını göstərdi. Ali Baş Komandanın rəhbərliyi və ordunun şücaəti ilə ölkə ərazi bütövlüyünü bərpa etdi və bu yolda xalqın birliyi, Türkiyənin qardaş dəstəyi mühüm rol oynadı.
90-cı illərin əvvəllərində formalaşan yeni dünya nizamından danışan Anar Nağıyev bu dövrün müxtəlif siyasi nəzəriyyələrə yol açdığını bildirib. O, Cənubi Qafqazın Z. Bjezinskinin “Yeni Dünya Nizamı”nda qeyd olunduğu kimi həssas və mürəkkəb region olduğunu, burada etnik, dini və siyasi ziddiyyətlərin, həmçinin böyük güclərin maraq toqquşmalarının yaşandığını vurğulayıb, lakin buna baxmayaraq, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan çətinliklərindən qalib dövlət kimi çıxmağı bacarıb.

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibi, regional siyasətdə isə lider aktordur. Avropa İttifaqı ilə enerji əməkdaşlığı, balanslaşdırılmış xarici siyasət, Qoşulmama Hərəkatındakı uğurlu liderlik və beynəlxalq tədbirlərə ev sahibliyi bu mövqeni daha da möhkəmləndirir. Rektor bildirib ki, Azərbaycanın regional siyasətində Avropa, Yaxın Şərq, Türk Dünyası və Asiya prioritet istiqamətlərdir. Prezident İlham Əliyevin “Türk dünyası Azərbaycanın yeganə ailəsidir” fikrinə istinad edən Anar Nağıyev Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan münasibətlərinin müttəfiqlik mərhələsinə yüksəldiyini xatırladıb.
Sonda rektor vurğulayıb ki, Türk Dünyası və Orta Dəhliz Azərbaycanın xarici siyasətinin strateji sütunlarındandır. Ərazi bütövlüyünün bərpası və Zəngəzur dəhlizinin açılması Orta Dəhlizə olan beynəlxalq inam və marağı daha da artırır.
Sonda tələbələrin mövzu ilə bağlı rektora ünvanladıqları suallar cavablandırılıb.
Hurriyyet.az
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)

