Saat:14:57
Haqqımızda

Bir neçə saata Bakıya qayıdacaqmış - Tanınmış jurnalistin ölümünün TƏFƏRRÜATLARI

2025-11-15 11:57:41

Bir neçə saata Bakıya qayıdacaqmış - Tanınmış jurnalistin ölümünün TƏFƏRRÜATLARI

Azərbaycanlı tanınmış jurnalist, “Euronews” televiziyasının müxbiri Emin İbrahimovun ölümünün təfərrüatları məlum olub.

Hurriyyet.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, 44 yaşlı jurnalistin həyatına son qoyan qəza noyabrın 12-si gecə saatlarında Türkiyənin İstanbul şəhərində baş verib.

O, işlə bağlı olaraq dörd günlük bu şəhərə gedibmiş. Jurnalistin yanında nişanlısı, müğənni Nurbəniz Mərdiyeva da olub. Faciə isə səfərin son saatlarında baş verib. E.İbrahimov yolu keçmək istəyəndə onu avtomobil vurub.

Qəza zamanı ağır xəsarətlər alan jurnalist təcili olaraq xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Həkimlərin səyinə baxmayaraq, Eminin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Bildirilib ki, Emin İbrahimov və nişanlısı hadisənin baş verdiyi gecənin səhəri Bakıya geri qayıdacaqlarmış.

Məlumata görə, jurnalist bundan əvvəl ailəli olub və bu evlilikdən iki övladı var. Daha sonra boşanan Emin yenidən ailə qurmağa hazırlaşırdı və nişanlanmışdı.

Onun nişanlısı, müğənni Nurbəniz Mərdiyeva sosial şəbəkədə birlikdə fotolarını paylaşaraq yazıb:

“İllərdən sonra həyat qarşıma səni çıxarmışdı. Düşünürdüm, çəkdiyim əziyyətlərin mükafatısan. Amma səni də belə tez əlimdən aldı…Deyirdim, mənim cənnətimsən, amma sən cənnətə getdin, məni cəhənnəmdə qoydun.

“Erməni məni öldürə bilmədi, mən 100 il yaşayacam” deyirdin. Bəs niyə yaşamadın?”.

Jurnalistin cənazəsi Bakıya gətirilib və noyabrın 14-də Təzə Pir məscidində vida mərasimi keçirilib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Milli Məclisin komitə sədrləri, deputatlar, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, indiki və keçmiş diplomatlar, məmurlar mərasimdə iştirak edərək mərhumun ailəsinə başsağlığı veriblər.

Yüksək vəzifəli dövlət rəsmilərinin vidada iştirakı təsadüfü deyil. E.İbrahimov 44 günlük Vətən müharibəsi dövründə və sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xüsusilə Ermənistanla informasiya müharibəsində böyük işlər görüb. Onun bu xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib.

Mərhum Xırdalan qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, E.İbrahimov Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin keçmiş müdiri Rəşid İbrahimovun oğludur.