Saat:00:39
Haqqımızda

"BakuBus" sürücüsü: "Adi cızığa görə maaşımızdan 200 manat tutulur" - ŞİKAYƏTƏ RƏSMİ CAVAB

2025-11-17 23:26:26

Bakıda 13 nömrəli marşrut xətt üzrə sürücü işləyən vətəndaş avtobusa dəymiş ziyanın sürücülərin hesabına ödənilməli olması şərtindən şikayətçidir.

Hurriyyet.Az-ın məlumatına görə, Oxu.Az-a müraciət ünvanlayan sürücü bildirib ki, sıradan çıxan detalların qiyməti olduqca bahadır:

"Metronun "20 Yanvar" stansiyası yaxınlığında idarə etdiyim avtobusun güzgüsü ağaca dəyərək sınıb. Təkcə bu güzgüyə görə mənə 600 manat cərimə yazıblar. Mən həmin şüşənin şəklini və aktı sizə göndərirəm. Qiymətlərin niyə bu qədər baha olmasını soruşanda isə deyirlər ki, servis qiymətlərimiz belədir. Sürücü olaraq bu cür yüksək qiymətlərdən əziyyət çəkirik. Başqa yerdə də düzəltdirməyə icazə vermirlər. Adi bir cızığa görə maaşımızdan 100-200 manat tutulur", - deyə şikayətdə bildirilir.

BakuBus sürücüsü: Adi cızığa görə maaşımızdan 200 manat tutulur - ŞİKAYƏTƏ RƏSMİ CAVAB

Oxu.Az-ın sorğusuna cavab olaraq cavab "BakuBus" MMC-dən bildirilib ki, bu problem artıq həll edilib.

"30 oktyabr 2025-ci il tarixində "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində kiçik yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində avtobusun sağ tərəfində, arxa görüntü güzgüsünün yanında yerləşən yansıma güzgüsü sınıb.

Aparılan qiymətləndirmə nəticəsində dəymiş zərərin məbləği Azərbaycanda BMC markalı avtobusların rəsmi nümayəndəsi olan "Bustech" MMC tərəfindən 600 AZN olaraq müəyyən edilib. Lakin sürücünün ailə vəziyyəti nəzərə alınaraq dəymiş zərərin müəyyən hissəsinin (180 AZN) ödənilməsi qərara alınıb.

Qeyd edək ki, "BakuBus" MMC-də sürücülərin ailə vəziyyəti, sosial durumu, sağlamlıqla bağlı çətinlikləri, eləcə də onların Vətən müharibəsi iştirakçısı olmaları kimi hallar hər zaman diqqətdə saxlanılır və bu kimi situasiyalarda müvafiq güzəştlər tətbiq edilir", - deyə məlumatda bildirilib.

"Avtobuslara dəyən ziyanı hansı halda sürücü, hansı halda şirkət ödəyir" sualına gəlincə isə bildirilib ki, "BakuBus" MMC-də yol-nəqliyyat hadisələri zamanı dəymiş zərərin ödənilməsi qaydaları qanunvericiliyə, daxili prosedurlara və sürücülərin işə qəbul zamanı onlarla bağlanmış tam maddi məsuliyyətli müqaviləyə əsasən müəyyən edilir:

"Əgər hadisə sürücünün diqqətsizliyi, qayda pozuntusu və ya etik olmayan davranışı nəticəsində baş veribsə, dəymiş zərərin bir hissəsi və ya tam məbləği sürücü tərəfindən ödənilir. Digər tərəfdən, hadisə texniki səbəblərdən, infrastruktur ilə əlaqədar və ya sürücünün məsuliyyətindən kənar hallarında baş verirsə, zərər qurum tərəfindən ödənilir".