Bakıda söküntüyə dair narazılıq: “Ya pul, ya da yeni bina” – Hansı düzgün seçimdir?
Bakıda daha bir köhnə yaşayış massivində söküntü işləri başlayıb. Nizami rayonunda istismar müddətini başa vurmuş 5 mərtəbəli binaların yerində 16 mərtəbəli yeni yaşayış kompleksi tikiləcək.
Sakinlərin bir qismi kompensasiya alıb köçürülməyə razıdır, bir qismi isə aldıqları məbləğin mərkəzdəki evlərini əvəz etmədiyini deyir. Sosial şəbəkələrdə “mərkəzdə yaşayırdıq, indi verilən pula ancaq Xırdalanda ev almaq olur” kimi narazılıqları ifdə edən paylaşımlar edilir.
“Konpensasiya hesablanması zamanı əvvəlcə qiymətləndirici tərəf dəvət olunur. Qiymətləndirici konpensasiya dəyərini müəyyən edir. Söküntü icra olunduqda təzminat ödənilir".
Bunu “Yeni Sabah”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
O bildirib ki, kompensasiya məbləğinin hesablanması müstəqil qiymətləndiriciyə tapşılır:
"Amma söküntünü özəl şirkət apardıqda, vətəndaşa təklifi onlar edir. Bizim fikrimizcə, hər iki halda qiymətləndiricinin rəyi əsas kimi götürülməlidir. Şirkətlərin bazar dəyəri təyin etmək hüququ yoxdur. Qanuna görə, yalnız Dövlət İmtahan Mərkəzinin imtahanından müvəffəqiyyətlə keçmiş mütəxəssis- qiymətləndirici qiymətləndirmə işini həyata keçirə bilər”.
AQC sədri vurğulayıb ki, kompensasiyanın həcmi bazar dəyərindən aşağı olmamalıdır:
“Kompensasiya hesablanarkən qiymətləndirici həmin ərazidə müvafiq qiymətləndirmə obyektinə uyğun olaraq bazar dəyərini müəyyən edir. Bir kvatratmetrin bazar dəyəri müəyyən edildikdən sonra, əgər ehtiyac varsa, həmin ərazilərdə ölçü işləri aparılır, yoxdursa, konkret mənzillər üzrə sahəyə uyğun olaraq konpensasiya dəyəri müəyyən olunur.
Əgər sökülən ərazidə yeni bina tikiləcəksə, vətəndaşa 6 ay, 1 il müddətində kirayə pulu ödənilir. Bina tikilmirsə, o zaman söküntüdən əvvəl vətəndaşa müvafiq konpensasiya məbləği ödənilir ki, özünə yeni yaşayış yeri ala bilsin”.
Vüqar Oruc bildirib ki, vətəndaşların narazılığının əsas səbəblərindən biri köhnə evin dəyərinə yenə həmin ərazidə yeni mənzil almaq istəyidir:
“Bu qiymətlər real bazar dəyərini əks etdirir. Kompensasiya bazar dəyərindən aşağı olmamalıdır. Amma vətəndaş, adətən, qəzalı və ya köhnə evinin əvəzinə elə həmin ərazidə yeni mənzil almaq istəyir. Əslində, hər iki yanaşmanın hüquqi əsasları mövcuddur. Məncə, narazılıqların qarşısını almaq üçün qiymətləndiricinin qarşısında belə bir tələb qoyulmalıdır: söküntü aparılan əraziyə yaxın olan massivdə müəyyən dəqiq məsafə, məsələn, binanın yerləşdiyi ərazidən 1 kilometr radiusda yeni tikililərdə 1 kvadratmetrinin dəyəri müəyyən edilsin. Bu yanaşma tətbiq olunsa, həm vətəndaşların narazılığı aradan qalxar, həm də müvafiq icra strukturlarının mütəmadi olaraq üzləşdiyi problemin həlli mümkün olar”.
O, kompensasiya yerinə, yeni mənzillə təmin olunmağın daha əlverişli olduğunu bildirib:
“Köhnə bina sökülərkən sakinlərə seçim verilir: ya pul, ya da yeni bina. Məncə, yeni tikiləcək bina seçimi daha uğurludur. Birincisi, yeni tikilidir, daha keyfiyyətli və normativlərə uyğun şəkildə tikinti həyata keçirilir.
İkincisi isə pulu alıb özü ev axtaranda vətəndaşlar bir çox hallarda düzgün seçim edə bilmirlər. Müəyyən müddət gözləyirlər, həmin müddətdə də hər gün bahalaşan bazar qiymətləri sonda onları çətin vəziyyətdə qoyur. Şəxsən mən düşünürəm ki, kompensasiyanın qarşılığında yeni mənzilin təklif olunması daha sərfəlidir”.
