Bakıda məhkəmə binasına butulka atan şəxs cərimələndi
Bakı İnzibati Məhkəməsinin binasına butulka atan şəxs inzibati məsuliyyətə cəlb olunub.
Hurriyyet.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən məhkəmənin inzibati binasında baş verib.
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Aqil Səlimov (ad-soyad şərti verilib – red.) Bakı İnzibati Məhkəməsinin binasına butulka atıb.
Bu səbəbdən həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol yazılıb.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs özünü ittiham üzrə təqsirli bilib. O bildirib ki, hadisə vaxtı içkili olub və həmin butulkanı məhkəmənin həyətinə atıb:
“Törətdiyim əməlindən peşmanam. Bu kimi hallara yol verməyəcəm. Məhkəmədən 2-ci qrup əlil olmağımın nəzərə almasını xahiş edirəm”.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 75 manat miqdarında inzibati qaydada cərimə olunub. O, dərhal məhkəmə iclas zalından azadlığa buraxılıb.
