Bakıda ermənilərlə nələr müzakirə olunub? – Fərhad Məmmədovdan açıqlama
“Sülh körpüsü” təşəbbüsü çərçivəsində noyabrın 21–22-də noyabr Ermənistan vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsinin Azərbaycana səfəri baş tutub. Bu barədə təşəbbüsün yaydığı press-relizə istinadən məlumat verilir.
Səfər çərçivəsində Ermənistan tərəfdən Areq Koçinyan, Boris Navasardyan, Naqia Sultanian, Narek Minasyan və Samvel Meliksetyan, Azərbaycan tərəfindən isə Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev görüşdə iştirak ediblər.
Politoloq Fərhad Məmmədov görüş barədə açıqlamasında bildirib ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı dinamikası, vətəndaş cəmiyyətləri arasında dialoqun əhəmiyyəti və yaxın gələcəkdə həyata keçirilə biləcək birgə layihələri müzakirə ediblər. O qeyd edib ki, iki ölkənin ictimaiyyətinin maraq göstərdiyi aktual mövzular da danışıqların gündəmində olub.
F.Məmmədovun sözlərinə görə, görüşün nəticəsi olaraq media sahəsində birgə fəaliyyətin aktivləşdirilməsi, ekspert qrupları arasında birbaşa təmasların qurulması və hər iki ölkənin vətəndaş cəmiyyətinin sülh prosesinə daha fəal cəlb edilməsi barədə razılıq əldə olunub. O əlavə edib ki, tərəflər işçi səviyyəsində təmasları davam etdirmək və növbəti səfərləri planlaşdırmaq barədə razılaşıblar.
Səfər çərçivəsində təşəbbüs üzvlərinin Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə də görüşü keçirilib. Görüş zamanı Vaşinqton danışıqlarından sonra Azərbaycan və Ermənistanın atdığı addımlar və sülh gündəliyinin irəlilədilməsi məsələləri müzakirə edilib. Hacıyev təşəbbüs üzvlərinin suallarını cavablandırıb.
AzPolitika.info
