Saat:15:17
Haqqımızda

Badara kəndinə qayıdış- Vidadi Mehralıyev doğma yurdda yeni həyat və arıçılıq təsərrüfatı qurur- FOTO

2025-12-08 11:37:26

Badara kəndinə qayıdış- Vidadi Mehralıyev doğma yurdda yeni həyat və arıçılıq təsərrüfatı qurur- FOTO

“Evimizə gəldik” rubrikasının növbəti qonağı Xocalı rayonunun Badara kənd sakini, 1965-ci il təvəllüdlü Vidadi Mehraliyevdir. Uzun illərin həsrətindən sonra doğma yurda qayıdışın sevincini, torpağın nəfəsini, həyət-bacısında yenidən qurulan həyatını bizimlə bölüşdü. 

Xocalı rayonunun Badara kəndində həyatı yenidən canlanan sakinlərdən biri də 60 yaşlı Mehralıyev Vidadi Məmməd oğludur. Uzun illər boyunca doğma yurdundan uzaqda müxtəlif bölgələrdə ağır şəraitdə müvəqqəti məskunlaşan Vidadi Mehralıyev son olaraq Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayırdı. Böyük Qayıdış proqramı çərçivəsində ailəsi ilə birlikdə Badaraya köç etməsi isə onun həyatında yeni və xoşbəxt bir səhifə açıb.


Badara kəndində yaradılan müasir infrastruktur, rahat yaşayış şəraiti və dövlətin göstərdiyi dəstək sakinlərə tamamilə yeni bir nəfəs, yeni bir başlanğıc bəxş edib. Vidadi Mehralıyev üçün isə bu dönüş təkcə evinə qayıdış deyil, həm də arzusunda olduğu məşğuliyyətə, arıçılığa geniş imkanlarla davam etmək deməkdir.


Bir müddət əvvəl Badaraya  Köç edən Vidadi kişi kənddə 20-dən çox arı yeşiyindən ibarət təsərrüfat qurub. Badaranın təmiz havası, zəngin bitki örtüyü və əlverişli iqlimi arıçılıq üçün ideal şərait yaradır. Mehralıyev təsərrüfatını gələcəkdə daha da genişləndirməyi planlaşdırdığını, kəndin arıçılıq üçün xüsusilə əlverişli olduğunu bildirir.


Doğma yurda qayıdışın yaratdığı sevinc, bu torpaqlarda yeni həyatın başlanması və sakinlər üçün qurulan rahat şərait Vidadi Mehralıyev kimi onlarla ailənin ümidini yenidən alovlandırıb.  Badara kəndində bu gün yaşanan xoşbəxtlik hissi illərin həsrətini sevincə çevirir.
Qeyd edək ki, Xocalı rayonun Badara kəndi 2023-cü ildə Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində işğaldan azad edilib. Azərbaycan dövlətinin işğaldan azad olunmuş bütün ərazilərində apardığı yenidənqurma və bərpa işlərindən sonra kəndə ilk köç bu ilin sentyabr ayında həyata keçirilib. Kəndə köç mərhələli şəkildə davam etdirilir.

Hurriyyet.az