Azərbaycanlıların Rusiya ordusunda nə işi var? – “Qazilərimizin orada ölməsi faciədir”
"Təhlükəsizlik orqanları bunu qəti şəkildə əngəlləməlidir".
Son günlər Ukraynada işğalçılıq müharibəsi aparan Rusiya ordusunun tərkibində döyüşən və həlak olan həmvətənlərimizlə bağlı məlumatlar çoxalıb. Bir çox media orqanları və sosial şəbəkələrdə azərbaycanlıların rus ordusuna müxtəlif şirnikləndirici təkliflərlə cəlb edildiyi, xüsusi adamların bununla məşğul olduğuna dair məlumatlar yayılır.
Hurriyyet.az xəbər verir ki, siyasi təhlilçi Şahin Cəfərli bu mövzuyla bağlı öz sosial şəbəkə səhifəsində paylaşım edərək, azərbaycanlıların rus ordusuna cəlb edilməsinin qarşısını almağa çağırıb: “Azərbaycanın təhlükəsizlik orqanları Rusiyanın işğalçı müharibəsi üçün ölkəmizdə aparılan rekrutinqi qəti şəkildə əngəlləməlidir.
Xüsusən qazilərimizin, ehtiyatda olan zabitlərimizin Rusiya ordusu ilə müqavilə bağlayıb, ukraynalılara qarşı cinayətlərdə iştirakı və orada ölməsi faciədir. Əlbəttə ki, bu problem təkcə təhlükəsizlik aspekti ilə məhdudlaşmır. Məsələnin sosial‐iqtisadi və siyasi‐təbliğati tərəfləri də var.
Əvvəla, işsiz, yoxsul və sosial təminatı aşağı səviyyədə olan kişilər, o cümlədən qazilər əlavə gəlir mənbələri axtararkən Rusiya ordusuna əsgər cəlb edən şəbəkələrlə rastlaşırlar və orada müqavilə imzalandıqda verilən ödənişin cazibəsinə qapılırlar. Yaxın gələcəkdə Azərbaycanda sosial‐iqtisadi böhranın aradan qaldırılması və əhalinin rifah səviyyəsinin yüksəlməsi ehtimalı nəinki yoxdur, əksinə, vəziyyətin ağırlaşacağı məlumdur. Bu isə insanların öz nəzərlərini ölkə xaricindəki gəlir fürsətlərinə çevirməsinə səbəb olur və olacaq. Bu problemin məsuliyyəti təhlükəsizlik sisteminin deyil, siyasi rəhbərliyin üzərindədir.
İkincisi, çox təəssüf ki, Azərbaycan mediası, xüsusən televiziyalar Ukrayna mövzusuna geniş yer ayırsalar da, Rusiyanın apardığı savaşın cinayətkar mahiyyəti və əxlaqi baxımdan alçaqlığına az diqqət yetirirlər. Əksinə, işğala məruz qalan tərəfi haqsız çıxaran, Rusiyaya əsasən örtülü, bəzən də açıq şəkildə haqq qazandıran rəylərə yer verilir. Bəzi şərhçilər də var ki, əslində Rusiyanı dəstəkləməsələr də, çıxışlarında yalnız Ukrayna rəhbərliyini, prezident Zelenskini ‐ yəni qurbanı məsuliyyətsizcəsinə hədəf almaqla, faktiki olaraq Rusiya təbliğatının dəyirmanına istəmədən su tökmüş olurlar. Bu isə Azərbaycan cəmiyyətində rusiyayönümlü əhval‐ruhiyyələrə töhfə verərək Rusiyanın tərəfində döyüşməyin pis, ayıb bir şey olmadığı qənaətini də yaradır.
Başqa bir tərəfdən, telekanallar müharibənin amansızlığı, tərəflərin nə qədər ağır itkilər verdiyi gerçəyini izləyiciyə lazımi səviyyədə çatdırmır. Cəbhə xəttində əsgərlərin ömrünün çox qısa olduğu, xüsusən Rusiyanın hər gün 1000‐1500 əsgər itridiyi və onların bir çoxunun meyitlərinin tapılmadığı, dronlar tərəfindən tikə‐parça edildiyi hər kəs tərəfindən bilinərək dərk edilsə, muzdlu qismində o müharibədə iştirak həvəsi yəqin ki, azalar.
AzPolitika.info
