Saat:04:47
Haqqımızda

Azərbaycanın “mədəniyyət killer”nin 35 illik hökmranlığı: Bircə "Allahlığı" çatmır...

2025-12-09 20:19:23

Azərbaycanın “mədəniyyət killer”nin 35 illik hökmranlığı: Bircə

Jurnalist Samir Feyruzov dövlət televiziyasının ənənəsinə və məşhur xanəndə Zeynəb Xanlarovanın yeni il proqramlarındakı roluna sərt tənqid yönəldib.

Feyruzov bildirib ki, 2026-cı ili də Zeynəb Xanlarova ilə qarşılayacağıq və dövlət televiziyası onu yenidən yeni ilin müjdəçisi kimi səhnəyə çıxaracaq.

Feyruzov vurğulayıb ki, bu xalqın başına gələn ən böyük “mədəni fəlakətlər”dən biri məhz Zeynəb Xanlarovadır.

“Dəyişməyən səhnə, zərli paltar, primitiv dekorasiya, eyni orkestr, “Bir qalanın sirri” filmindəki Elşənin müştüyünə oxşayan mikrofon və rəqqədə çiko… 35 ildir eyni format, 35 il!”,-deyə Samir Feyruzov bildirib.

O qeyd edib ki, bu illər ərzində dünya mədəniyyətində dəfələrlə inqilablar baş verib, pərdələr cırılıb, səhnələr minalanıb, nəsillər qırılıb, uşaqlar böyüyüb şəhid olub, babadan nəvəyə heç nə keçməyib — baba ölüb, ata vərəmləyib, övladın bədənində xərçəng doğub, kəndlərimiz, şəhərlərimiz arzular qəbirstanlığına çevrilib. Amma Zeynəb xanımın bircə Allahlığı çatmır.

S.Feyruzov əlavə edib ki, əsas məsələ Zeynəb Xanlarovanın ifasının bəyənilib-bəyənilməməsi deyil. Onu sevənlər çoxdur. O, ötən əsrdə evində halal süfrə aça bilən, 30 il işləyib qızına cehiz pulu düzəldən atanın və naümid kütlənin xanəndəsidir. Dövlət televiziyasında palatka ritmlərini öz zərli libasları ilə siyasi sintezə məruz qoyan ifaçıdır, dır, dır, dır, amma mədəniyyətin sütunu deyil, Flora Kərimova kimi elit kültürümüzün acımasız və istisnasız bənnası da deyil.

Feyruzovun fikrincə, müstəqil atributlara sahib bir ölkənin mədəni orbitinin 35 il ərzində vahid “mədəniyyət killer”nin ətrafında dövr etməsi ənənədən çox, sistemli problemə çevrilib. Nəticədə ideoloji iş təravətini və dinamizmini itirib. \\KONKRET.az