Saat:15:44
Haqqımızda

"Azərbaycan NATO-da üzvlüklə bağlı heç vaxt nə açıq, nə gizli niyyətdə olmayıb"

2025-07-15 16:57:54

Rusiya mətbuatında, həmçinin bir sıra siyasətçiləri tərəfindən Cənubi Qafqazdakı proseslər Qərbin təsirləri prizmasından təhlil edilməkdə, o cümlədən Azərbaycanın NATO-ya daxil olması və ölkəmizdə Türkiyə hərbi bazasının qurulması barədə ehtimallar səsləndirilməkdədir. Lakin, səsləndirilən bu iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Belə ki, Azərbaycan 1994-cü ildən bəri “sülh naminə tərəfdaşlıq” etdiyi NATO-da üzvlüklə bağlı heç vaxt nə açıq, nə gizli niyyətdə olmayıb. Türkiyənin hərbi bazasının isə Azərbaycanda qurulmasına ehtiyacımız yoxdur, 15 iyun 2021-ci il tarixli Şuşa bəyannaməsi iki qardaş ölkənin hərbi-siyasi birliyinin ən yüksək səviyyədə ifadəsidir”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, Türkiyə və Azərbaycan istəsə, gələcəkdə əməkdaşlıqlarını yeni coğrafiyalara proyeksiya edərək Suriyada, lap elə Ermənistanda birgə hərbi-iqtisadi bazalar qurarlar.

 

Şəhla Cəlilzadə Şəhla Cəlilzadə

 

“Rusiya sadəcə olaraq daima “arxa bağçası” olaraq gördüyü ərazidə müzəffər Ali Baş Komandanın müstəqil, suveren xarici siyasətini qəbul etmək istəmir. Rusiyanın Azərbaycanla “təyyarə qəzası”, kiberhücumlar, siyasətçilərinin dili və media müstəvisində tənqid-təhqir kampaniyaları və ən son Azərbaycan diasporuna qarşı qeyri-qanuni davranışları ilə gərginliyi pik həddə çatdırdığı bir vaxtda ölkəmizin Ermənistanla vasitəçisiz (o cümlədən Rusiyasız) sülh danışıqları aparması, Zəngəzur dəhlizinin açılmasını Rusiyasız müzakirə etməsi, Qazaxıstanla birgə keçirdiyimiz “Tərlan-2025” hərbi təlimləri, Türkiyə ilə birgə Suriyanın yenidən qurulmasında, başqa ifadə ilə Yaxın Şərqin yenidən dizaynında Azərbaycanın xüsusi təyinatlı rol üstlənməsi, Suriyanın, o cümlədən Ukraynanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın yeni rol alması ilə bağlı danışıqların yeni intensiv mərhələyə daxil olması – bütün bunlar Rusiya üçün həm anlaşılmaz, həm də eyni dərəcədə qəbuledilməzdir. Odur ki, Rusiya, bütün bunların arxasında “gözəgörünməz əllər” axtarır. Gah Azərbaycanı Türkiyənin “proksi-gücü” adlandıraraq Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında iştirak etməkdə, gah da Qərbin daha böyük bir planı – Rusiyanın Avrasiyada, o cümlədən Mərkəzi Asiyada sıxışdırılmasında Azərbaycanın rol oynadığını irəli sürməkdədir”-deyən politoloq bildirib ki, bütün bunlar məğlubedilməz imperiya hesab etdikləri, əslində bütün cəbhələrdə bir-bir məğlub olmaqda olan imperiyanın məhv olma sancılarıdır.

“Azərbaycan sadəcə olaraq zamanı doğru qiymətlənədirərək milli maraqları kontekstində strateji addımlar atır. Azərbaycanın addımları birbaşa olaraq Rusiyaya qarşı yönəlməyib, özündə yeni regional geosiyasət quruculuğunu ehtiva edir. Bu, Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Azərbaycanın sadəcə ərazi baxımından deyil, siyasi çəki baxımından da böyüdüyünün göstəricisidir”-deyə Şəhla Cəlilzadə qeyd edib.

Bizimyol.info


Load Time (S) : 0.880113