Ata–qız münasibətləri: Emosional travma və özünəinamın formalaşması
Valideyn övlad münasibətləri insanın emosional inkişafında xüsusi yer tutur. Qız uşağı üçün ata, ilk növbədə təhlükəsizlik, dəyər, sevgi və sərhəd kimi əsas psixoloji ehtiyacların qarşılandığı fiqurdur. Uşaqlıqda atadan alınan və ya alınmayan bu emosional təcrübələr, qızın özünə münasibətini, gələcək münasibətlərini və özünəinamını birbaşa formalaşdırır.
Valideynlərin xüsusi ilə atanın davamlı sevgi və emosional bağı qızların həyatında xüsusi rol oynayır. Ata uşağının duyğularını qəbul edir, onu dinləyir və dəyər verdiyini göstərirsə, qız özünü “yetərlidir” və “sevilməyə layiqdir” kimi əsas inanclarla böyüyür. Bu, onun özünüdəyər sisteminin sağlam bünövrəsini yaradır. Lakin ata emosional olaraq uzaq, tənqidçi, dəyişkən və ya həddindən artıq sərt olduğunda, qız uşağı özünü görünməz hiss edə bilər. Bu da özünəinamın zəifləməsinə, sevgi və münasibətlərdə narahatlığa səbəb olur.
Emosional travma bir çox hallarda günlük yaşantı içərisində qurulmalı olan , lakin düzgün şəkildə qurulmayan ünsiyyət formasından da yarana bilər. Məsələn, atanın həmişə məşğul olması, tənqidi tonda danışması, duyğuları kiçiltməsi və ya ailə içi gərginlik yaratması qız uşağında dərin izlər buraxa bilər. Bu vəziyyət sonradan travma şəklində özünü göstərə bilər.Məsələn:
Tərk edilmə qorxusu, münasibətlərdə həddindən artıq bağlanma, sərhəd qoya bilməmək, təsdiq ehtiyacı və daimi “bəs etmirəm” hissi.
Tədqiqatlar göstərir ki, atası tərəfindən dinlənilən, hissləri ciddi qəbul edilən, davranışları ilə dəyər göstərən qızların özünəinamı daha yüksək olur. Əks halda isə, uşaq beyni təhlükə və dəyərsizlik hisslərini çox erkən öyrənir. Bu da yetkinlik dövründə həm özünə, həm də qarşı cinsə olan münasibətdə güvənsizliyə səbəb olur.
Yetkin yaşda bu travmalar müxtəlif davranışlarla üzə çıxır. Qadın özünü kiçildərək davranır, partnerdən davamlı təsdiq gözləyir, sərt və emosional olaraq uzaq kişilərə cəlb olunur və ya öz hissələrini ifadə etməkdə çətinlik yaşayır. Bunların hamısı uşaq vaxtı formalaşmış bir mesajın davamıdır: “Sevilmək üçün daha çox çalışmalıyam.”
Sağalma prosesi isə mümkündür və çox vaxt daxili bir dönüş tələb edir. Travmanın adını qoymaq, sərhəd qoymağı öyrənmək, uşaq vaxtı alınmayan sevgini özünə verməyi bacarmaq, sağlam kişi modelləri ilə təmasda olmaq və terapevtik dəstək almaq bu yolda ən təsirli vasitədir.

Elnarə Mahmudova,
Psixoloq / ABA terapist
