Ali xüsusi rütbə alan nazir müavinləri kimdir? - DOSYE
Prezident İlham Əliyevin noyabrın 26-da imzaladığı sərəncamla ədliyyə nazirinin müavinləri Toğrul Hüseynov və Abiddin Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Hurriyyet.az rütbə alan nazir müavinləri ilə bağlı məlumatları təqdim edir:
Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə Bakı şəhərində anadan olub.
2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini (bakalavr), 2010-cu ildə magistraturanı fərqlənmə diploma ilə bitirib.
2022-ci ildə ABŞ-nin Missuri Universitetində dövlət idarəetməsi üzrə magistr təhsili alıb.
2024-cü ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yenidən dövlət və bələdiyyə idarəetməsi üzrə magistraturada oxuyub.

Harvard Biznes Məktəbində davamlı biznes strategiyaları üzrə ixtisaslaşma keçib.
2010-2013-cü illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, 2013-2016-cı illərdə Qanunvericilik baş idarəsində müxtəlif vəzifələrdə, 2016-2017-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də Hüquq şöbəsinin bölmə rəisi vəzifəsində çalışıb.
2017-2024-cü illərdə Prezident Administrasiyasında hüquq və qanunvericilik üzrə baş məsləhətçi olub.
2024-cü ilin aprel-sentyabr aylarında Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsini tutub.
Prezident İlham Əliyevin həmin ilin sentyabr ayının 7-də imzaladığı sərəncamla ədliyyə nazirinin müavini təyin edilib.
İngilis, rus dillərini bilir.
Ailəlidir, iki övladı var.
Abiddin Qabil oğlu Hüseynov 1977-ci ildə Neftçala rayonunda anadan olub.
1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsini (bakalavr), 1999-cu ildə eyni fakültənin magistr pilləsini (fərqlənmə diplomu) bitirib.
2003-cü ildə Rusiya Ədliyyə Nazirliyinin, Rusiya Hüquq Akademiyasında hüquq üzrə ikinci ali təhsil alıb.
Cenevrə, Ankara, Paris, Berlin şəhərlərində dövlət qulluqçuları və hakimlər üçün təlim və ixtisasartırma proqramlarında iştirak edib.
2000-ci ildə Konstitusiya Məhkəməsində əmək fəaliyyətinə başlayıb. 2000-2010-cu ildə məhkəmədə müxtəlif vəzifələrdə çalışıb.
2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib.
2013-2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2020-2024-cü illərdə Ali Məhkəmənin hakimi olub.

2023-cü ildə Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinə üzv seçilib. 2020-dən ADA Universitetində “Mülki proses” fənnini tədris edir.
Hüquq sahəsində elmi-praktiki nəşrlərin müəllifi və redaktoru olub.
Prezident İlham Əliyevin 2024-cü il iyun ayının 4-də imzaladığı sərəncamla ədliyyə nazirinin müavini təyin edilib.
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür.
“Tərəqqi”, “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” yubiley medalları, Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı ilə təltif olunub.
İngilis, rus dillərini bilir.
Ailəlidir, üç övladı var.
