Ağdam RİH-in sirli tenderləri: 9 ayda 15 müqavilə — Qalib şirkətlərin sahibi kimdir?
Ağdam Rayon İcra Hakimiyyəti 2025-ci ilin 9 ayında 15 satınalma müqaviləsi imzalayıb.
Hurriyyet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu müqavilələrin altısı açıq tender, yeddisi kotirovka sorğusu, ikisi isə birmənbə metodu ilə keçirilən satınalma müsabiqəsi üzrə bağlanıb.
İcra hakimiyyətinin açıq tender metodu ilə keçirdiyi müsabiqələrin satınalma predmetləri aşağıdakılardır:
* Ağdam rayon ərazisində abadlaşdırma;
* Quzanlı qəsəbəsində daş evlər adlanan ərazidə fərdi yaşayış evlərinin əsaslı təmiri;
* Quzanlı qəsəbəsi ərazisində qeyri-yaşayış binasının əsaslı təmiri;
* Quzanlı qəsəbəsi ərazisində qeyri-yaşayış binasının əsaslı təmiri;
* Quzanlı qəsəbəsi H. Əliyev prospektində yolun əsaslı təmiri;
* Ağdam rayon ərazisində yolların əsaslı təmiri.
Bu satınalma müsabiqələrində "Dream Construction" MMC, "FEB-222 TİXS" MMC və "MR Development" MMC seçilib. Beləliklə, Ağdam Rayon İcra Hakimiyyəti 6 satınalma müsabiqəsi üzrə "Dream Construction” MMC ilə 3, "FEB-222 TİXS" MMC ilə 1, "MR Development” MMC ilə isə 2 müqavilə bağlayıb. Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 384 530,99 manat təşkil edir.

"Dream Construction” MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 manat olan şirkət 2022-ci ilədək "Otaxlı” MMC adı altında fəaliyyət göstərib.
"Dream Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. Şirkətin qanuni təmsilçisi Cavadov Cavid Elman oğludur.
MMC haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Baxmayaraq ki, şirkət 21 ildir fəaliyyət göstərir. Bu müddət ərzində "Dream Construction” MMC-nin hətta veb-saytı hazırlanmayıb. Daha doğrusu, şirkətin saytı var, lakin işləmir. Bu hal ciddi şirkətlər üçün xarakterik olmadığına görə "Dream Construction” MMC-ni həmin kateqoriyaya aid etmək mümkün deyil.
Bəs, bu halda Ağdam Rayon İcra Hakimiyyəti hansı üstünlüklərinə görə ümumi maliyyə dəyəri 816 590,2 manat təşkil edən müqavilələr bağlayıb Sualın cavabı açıq qalır.

"FEB-222 TİXS" MMC də kifayət qədər maraqlı şirkətdir. Ağdam Rayon İcra Hakimiyyəti açıq tender üsulu ilə bir satınalma müqaviləsi imzaladığı bu şirkətlə həm də birmənbə metodu ilə iki müqavilə bağlayıb.
Açıq tender üzrə imzalanan satınalma müqaviləsində Quzanlı qəsəbəsində daş evlər adlanan ərazidə fərdi yaşayış evlərinin əsaslı təmiri, birmənbə metodu üzrə imzalanan müqavilələrdə isə kommunal xidmətlərin satın alınması və Ağdam rayon ərazisində inzibati binanın əsaslı təmiri işləri nəzərdə tutulur.
