Saat:16:34
Haqqımızda

“AFEN Plaza”dakı partlayışla bağlı yeni detal - KOMENDAT DANIŞDI+VİDEO

2025-11-24 12:04:18

“AFEN Plaza”dakı partlayışla bağlı yeni detal - KOMENDAT DANIŞDI+VİDEO

“İki-üç gün öncə ərazidə aparılan qazma işləri zamanı qaz xətti zədələnmişdi. Həmin hissəyə calaq qoyuldu. Ola bilsin, düzgün calanmayıb və sızma olub.

Bunu “Yeni Sabah”ın hadisə yerində olan əməkdaşına açıqlamasında partlayış baş verən “AFEN Plaza” biznes mərkəzinin komendantı Amil Bağırov deyib.  

O ehtimal edir ki, calaq düzgün edilmədiyi üçün qaz sızması baş verib: “Buna görə də işçi gəlib işığı yandıran zaman partlayış baş verib. Bizim binada qaz olmayıb”.

Komendantın sözlərinə görə, yaralananlar arasında həyati təhlükəsi olan yoxdur: “Yaralananların xəsarəti çox da ciddi deyil. Hadisə baş verəndə burada idim, partlayış səsini eşitdim”.

Partlayış zamanı qonşuluqdakı binalara da zərər dəyib. Bəzi binaların şüşələri, qapı-pəncərələri sınıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi Toğrul Mehdiyev isə jurnalistlərə açıqlamasında deyib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada – “AFEN Plaza” biznes mərkəzində baş verən partlayışın səbəbləri araşdırılır.

Onun sözlərinə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.

FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Telegram kanalımız