Saat:22:26
Haqqımızda

Adnan Əhmədzadə nə üçün həbs edilib?

2025-11-18 15:35:16

Adnan Əhmədzadə nə üçün həbs edilib?

Yaxud o, həqiqətən dövlətin milyardlarını oğurlayıb?

Azərbaycanın kütləvi informasiya vasitələrində həftələrdir SOCAR şirkətinin çoxsaylı əməkdaşlarından biri olan Adnan Əhmədzadə adlı birisinin həbs edilməsi barədə sensasiya statuslu xəbərlər getməklə yanaşı, onu neft oğurlamaqda, Azərbaycan dövlətinə xəyanətdə ittiham edən alovlu vətənpərvər çıxışlar edilməsi də səngimir. İlk baxışda elə təsəvvür yaranır ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda Adnan Əhmədzadənin etdiyi cinayətdən böyük və qatı iqtisadi cinayət törədən olmamışdır.

Məlum olduğu kimi, “Əsrin müqaviləsi”nə əsasən Azərbaycanda istehsal olunan neftin 70 faizi ABŞ və İngiltərənin, 10 faizi ölkəmizin, qalan 20 faizi isə, Rusiya və başqa ölkələrin payına düşürdü. Azərbaycanın payına düşən neftin istehsalı, emalı, satışı hələ SSRİ dövründən bəri bu sahə üzrə hətta SSRİ-də ən yüksək səviyyəli və təcrübəli mütəxəssislərə malik olan “Azneft İstehsalat Birliyinə” deyil, müqavilə bağlandıqdan sonra təsis edilən, əsasən “Azneftin” mütəxəssislərindən formalaşdırılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR-a) verildi. Həmin dövrdə Heydər Əliyevin özü televerilişlərdə tez-tez “Azneftin” əməkdaşı olan Xoşbəxt Yusifzadəni göstərərək deyirdi ki, – “Xəzərin altında harada və nə varsa bu (yəni, X.Yusifzadə – Ş.Q.) bilir”. 

Adnan Əhmədzadənin həbsinə gəldikdə, qeyd etdiyim kimi, ölkənin bütün mətbuat vasitələri bir səslə onu “neft oğrusu” adlandırır, beynəlxalq müstəvidə Azərbaycan dövlətinin imicinə zərbə vurmaqda, dövlətin, xalqın sərvətini oğurlamaqda təqsirləndirir. Məsələnin bir tərəfi həqiqətdir ki, o cinayət törədib və cinayətkardır.

Onun ölkənin imicinə zərbə vurmasına, xalqın sərvətini oğurlamasına gəldikdə isə, məsələnin mahiyyəti tam başqadır. Belə ki, o,nə dövlətdən, nə də vətəndaşdan heç nə oğurlamayıb. Çünki xalqa, dövlətə mənsub, məxsus olmayan nefti və ya nəyisə Adnanın oğurlaması mümkün olan məsələ deyil.

Bundan başqa, neft elə bir məhsul, maddə, əşya deyil ki, kimsə bunu tək və ya kiçik çaplı məmur kollektivinin əlbir olması ilə oğurlaya bilsin. Neft yerin altından birbaşa metal borularla çıxarılaraq, bir hissəsi ehtiyat çənlərinə doldurulur, qalanı da həmin metal boru kəməri vasitəsilə Türkiyə ərazisindəki limana nəql edilir. Neft quyudan çıxarılarkən öncə mədəndən, daha sonra Azərbaycan ərazisindən çıxdığı anda, eləcə də Gürcüstan ərazisinə girişi və çıxışı zamanı, o cümlədən Türkiyə ərazisinə girişdə və limanda neft tankerinə yükləndikdə ölçü cihazları tərəfindən qeydə alınır. Həmçinin, nefti öz anbarına qəbul edən tanker və sifarişçi də sözsüz ki, həmin neftin miqdarını qeydə alır. Üstəlik, tankerin kapitanına qəbul edilmiş neftin keyfiyyət sertifikatı da təqdim olunur ki, bu sertifikatda malın tərkibi dəqiq göstərilir. Sifarişçi də malı alarkən öz laboratoriyasında neftin tərkibinin satıcının verdiyi sertifikatdakı məlumatlara uyğun olub-olmadığını yoxlayır.

Deməli, ən azı 4 (dörd) dövlətin rəsmi və ciddi dövlət qurumları tərəfindən neft stışının miqdar uçotu aparılır. Hər dövlətin ərazisində həmin neftin miqdarı 2 yerdə, əlavə olaraq sifarişçi ölkələrin iri tondansatış təşkilatları tərəfindən də yoxlanılmasını nəzərə alsaq, bu neft istehsalçıya çatanadək müxtəlif dövlətlərin ərazisində ümumilikdə azı 9 (doqquz) dəfə yoxlanılır.

Rusiya neftinin də Azərbaycan nefti ilə Rusiya ərazisində deyil, Azərbaycan və ya Türkiyə ərazisində qatışdırıldığını buna əlavə etsək, bu neftin miqdarının Rusiya ərazisində də 2 dəfə (istehsalı və çıxışda) yoxlanılması ilə bərabər 11 (on bir) dəfə yoxlanılır. Bu uçot Azərbaycandan və Rusiyadan hər gün, ay, il ərzində SOCAR-a mədaxil olunan neftin miqdarını dəqiq əks etdirir. Neftin tərkibini isə həm satıcı, həm də alıcı hökmən yoxlayır.

Xarici ölkələrə, xüsusilə Avropa dövlətlərinə satılan bütün neft və digər məhsulların qarşılığı da nəğd qaydasında deyil, bank vasitəsilə ödənilir. Bu da o deməkdir ki, Azərbaycanda istehsal olunan və Rusiyadan idxal edilən neftin növü, qiyməti haqqında dəqiq məlumat Azərbaycanın həm gömrük, həm də bank sistemində daim mövcuddur və bunu görməmək mümkün deyil.

Bundan əlavə, Azərbaycanın bank sistemində qarışdırılmış Rusiya nefti ilə birlikdə satılan neftin həm miqdarı, həm də bundan yaranan ümumi mədaxilin məbləği ilə ölkədə istehsal olunan və Rusiyadan alınan neftin miqdarı və satış məbləği arasındakı milyardlarla ABŞ dolları fərqini görməmək, həm də onu hökumətdən, milli bankdan gizli saxlanılması mümkün olan məsələ deyil. Beynəlxalq müstəvidə illərlə hay-küyə səbəb olmayıb, törədilən bu miqyaslı mütəşəkkil cinayətlər varsa, əlbəttə, alıcılar da bunun iştirakçılarıdır.

İstər dövlətdaxili, istərsə də dövlətlərarası ticarət proseslərində eyniadlı malların növlərinin bir-birinə qarışdırılması yeni bir kəşf deyil. Azərbaycanda isə həyatın bütün sahələrində ixtiyar sahiblərinin nəinki saxtakarlıqla, irili-xırdalı cinayətlərlə məşğul olması, danılması mümkün olmayan faktdır. Əslində, əsil səbəb bundan ibarətdir ki, mövcud quruluşu normal idarəetmə üsulu ilə idarə etmək mümkün də deyil. Problem ondadır ki, mövcud quruluşun istər hakimiyyət, istərsə də xalqa hansı fəlakətlərə başa gələcəyini xalq və hakimiyyət dərk etmir, ya da fəlakət qapını açaraq içəri keçənə qədər susmağa üstünlük verir. 

Adnan Əhmədzadə məsələsinin isə Azərbaycan xalqına heç bir dəxli yoxdur. Bu məsələ Adnan Əhmədzadə, Anar Əlizadə kimi bir neçə kiçik piyada (peşka) icraçı qullar üzərində qurulacaq istintaq və məhkəmə şousundan bir qədər sonra, ölkədə aktiv fəaliyyət göstərib, mahiyyəti insan alveri olsa da, əfv adlanan fərmanla həll ediləcək. Hakimiyyətin onlar üçün təyin etdiyi qazanc kvotasından artıq mənimsədiyi vəsait müsadirə edilərək, dövlət büdcəsinə deyil, öz həqiqi və ölkədəki mövcud Konstitusiyanın məzmun və mahiyyəti ilə müəyyən edilmiş qanuni sahibinə, yəni hakimiyyətin şəxsi mülkiyyətinə qaytarılacaq.

Adnan Əhmədzadənin qrupunun yeganə günahı ondadır ki, indiyədək elə Azərbaycanın özü kimi qanunla deyil, hakimiyyətin mənafeyinə uyğun və onun bir barmağının işarəsi və ya kəlməsi ilə idarə olunan ölkələrdə illərlə tətbiq etdiyi “növləri qarışdırma” (rus dilində peresort) üsulunun Avropa ölkələrində tətbiq edilməsi cəhdinin, beynəlxalq müstəvidə hay-küyə səbəb olacağını ehtiyatsızlıq ucundan nəzərə almayıb. Elə Azərbaycanın diplomatlarının Avropa parlamentindəki “kürü, rüşvət diplomatiyasının” Molla Nəsrəddinin zurnası kimi səsinin sonra çıxacağının nəzərə alınmaması kimi. Görünür, bu işləri təşkil edən, buna fətva verənlər, türkün “oğurluqla, fahişəliyin ömrü qırx gün olar”, – məsəlindən xəbərsizdirlər, yaxud nəticənin onlar üçün heç bir əhəmiyyəti yoxdur.

SOCAR-dakı icraçılar da ölkə daxilində Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun, Fətulla Hüseynovun, Ramil Rzayevin, Ziya Bünyadovun, Elmar Hüseynovun qətlə yetirilməsi, Hacı Məmmədovun dəstəsinin əməlləri, MTN işindəki əhvalatlardan və s. cinayətlərin açılmamasından ruhlanaraq, həbs olunsalar belə, qısa müddətdə azad olacaqlarını dəqiq bilirlər.

Vaxtilə xarici ölkədən Azərbaycan sərhəddindən daxil olub, Gürcüstan gömrüyündə saxlanılan 3 ton heroin, həmin marşrutla gəlib Ukrayna gömrüyündə 4 ton heroin saxlanılsa da, məsələ səs-küysüz həll edilib, Bakı aeroportuna enən təyyarədəki 5 milyard dollarlıq heroin Türkiyəyə gedən başqa təyyarəyə yüklənib İstanbula aparılaraq, onun 2 milyardı PKK-nın İstanbul şöbəsinə silah-sursat alınaraq terror törətmək üçün təhvil verilirsə(09-11 yanvar 2011), indiki neft məsələsi bu işələrlə müqayisədə oyuncaqdır, fikir verməyin.

Məşhur hind aktyoru və kinorejissoru Rac Kapurun çəkdiyi “Avara” kinofilmində deyildiyi kimi, “Bura Bombeydir”, heç nə təəccüb doğurmur. Təbrizlilər demişkən, “Boşlayın getsin”. Yaxşısı budur ki, hər gün, gecə-gündüz 10 milyonluq Azərbaycan vətəndaşını kütləvi surətdə sağalmaz xəstəliklərə düçar edən qida məhsullarını, insanları sağaltmaq əvəzinə, ölümə, əlilliyə düçar edən bahalı kimyəvi dərmanları əhaliyə od qiymətinə sırıyaraq hər həftə qiymətini qaldıran, öz sağlamlıqlarını ömürlük itirmiş 100-ə yaxın yaralı Qazinin ailəsinin ərzaq, özünün yaralarının müalicəsi üçün dərman pulu tapa bilmədiyindən intihar etməyə məcbur edilməsi, şəhid övladları və ailələrinin acınacaqlı həyatı, həqiqəti, reallıqları dilə gətirən günahsız insanların şərlənərək zindanlara dolduruluğb işgəncələrə məruz qoyulması, illərlə orada çürüdülməsi, xalqın elmini, təhsilini, mədəniyyətini, mənəiyyatını, əxlaqını pozub ailə institutunu məhv etməklə bu millətin, bu xalqın məhv edilməsinin qarşısının alınmasına zəruri olan iqtisdai-ictimai mexanizmləri xalqa izah etməklə, cəmiyyətimizin bu günkü və gələcək nəsillərimizin köləlikdən azad olmasına nail olaq. Pavel Durovun dediyi kimi, – “Bu gün bütün bəşəriyyət özlərini dövlət adlandıran mütəşəkkil cinayətkar qrupların köləliyindədir”. Yeganə fərq ultravəhşi rejimlərdə kölə sahibləri olan hakimiyyət bu qullara son dərəcədə açıq, heç nədən çəkinmədən vəhşi və rəzalətli üsullarla, bu gün inkişaf etmiş, azad, demokratik adlandırıb, qəbul edilən ölkələrdə isə, öz nökərlərinə nisbətən yumşaq, humanist üsullarla zülm edilir.

Azadlıq və demokratiya etalonu hesab edilən ölkələrdə belə sadə vətəndaşlar nökər statusunda olmaqla, siyasi partiyalar onların zehnini dar çərçivədə qandallamaq, “azad seçki” adlanan sistem isə onların öz razılığı ilə qollarını nökər statusunda qandallamaq vasitəsidir.

Şapur QASİMİ