75 yaşlı kişini məhkəmə yollarında əsir etmisiz - ETİRAZ
"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hurriyyet.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qazıyeva rəy bildirib.
Təqsirləndirilənin vəkili Ülvi Nəsibli İsfəndiyar Axundovun Emil Səməndərov haqqında dediklərindən sitat gətirərək orada təhqir olmadığını bildirib. İ.Axundovun vəkili Asim Abbasov sualın manipulyasiya xarakter daşıdığını deyərək ona etiraz edib.
İsfəndiyar Axundov isə həmin vaxt çox əsəbi olduğunu söyləyib: "O vaxt mənə çoxlu şikayətlər gəlirdi. Biri qazi idi, biri şəhid ailəsi idi. Hamısı narazı idi, ona görə də əsəbləşib bir-iki cümlə demişəm".
O, hakimdən narazı olduğunu da deyib: "Cənab hakim, sizdən narazıyam. 75 yaşlı kişini məhkəmə yollarında əsir etmisiz. Yaşımla əlaqədar hiddətlənib bir-iki cümlə demişəm, ona görə mənə belə əziyyət verirsiz".
Prosesin davamında ekspert məsələ ilə bağlı rəyini açıqlayıb: ""Pul yemək" frazeoloji birləşmədir, ayrılmış pul vəsaitinin mənimsənilməsi deməkdir. Yeyinti sözü məcazi mənada, oğurlamaq, israf etmək mənasında işlənir. İstənilən söz yerinə görə təhqir hesab oluna bilər. Lakin bu o demək deyil ki, həmin söz hüquqi baxımdan təhqirdir. Bizə təqdim olunan sözlər linqivistik baxımdan təhqir yox, tənqid hesab etmək olar".
Zərərçəkənin vəkili Asim Abbasov ekspertin rəyinin qərəzli olduğunu deyib.
Hakim ekspertə prosesdə açıqladığı məqamları növbəti iclasda rəy formasında məhkəməyə təqdim etməsi üçün ona video materialların təqdim olunması ilə bağlı qərar verib.
Vəkil Asim Abbasov buna etiraz edərək deyib ki, məsələni aydınlaşdırmaq üçün birinci rəyi verən ekspert çağırılmalı, onların ikisini də dinləyib məhkəmə yekun qənaətə gəlməlidir.
Hakim həmin vəsatətin baxılmamış saxlanıldığını, lazım olduqda baxılacağını xatırladıb.
Proses 20 noyabradək təxirə salınıb.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib. (APA)
