“6 aylıq körpəyə baxanda belə həzz alırlar” - Pedofillər axtalansınmı?
Qazaxıstanda pedofiliyaya görə məhkum edilən şəxslərə kimyəvi axtalama tətbiqinin yenilənmiş qaydaları oktyabrın 17-dən qüvvəyə minəcək. Yeni qaydalara əsasən, cəza yalnız yetkinlik yaşına çatmayanlara qarşı seksual cinayətlər törətmiş şəxslərə şamil olunacaq və məhkəmə qərarı ilə həyata keçiriləcək. Prosedur birbaşa həbsxanalarda və müəyyən hallarda ambulator tibb müəssisələrində icra olunacaq.
Azərbaycanda da müxtəlif vaxtlarda cinsi zorakılıq, xüsusən də uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədənlərin cəzasının daha da ağırlaşdırılması, onların axtalanması məsələsi gündəmə gətirilib. Bəzi şəxslər bunu dəstəkləsə də, qarşı çıxanlar da az olmayıb. Bəs Qazaxıstan təcrübəsi ölkəmizdə də tətbiq oluna bilərmi?
Hüquqşünas Emil Aslanov “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu tədbirlərin tətbiqi ciddi hüquqi və etik mübahisələrə səbəb ola bilər:
O xatırladıb ki, belə cinayətlərə yol verənlər azadlıqdan məhrumetmə cəzasına məhkum olunurlar: “Kimyəvi axtalama kimi əlavə tədbirlər isə insan hüquqlarına zidd hesab olunur və birmənalı olaraq Avropa hüquq normalarına uyğun deyil. Pedofiliya ciddi cinayətdir və Azərbaycan Cinayət Məcəlləsinin 149-cu maddəsi zorlamaya, 150-ci maddəsi isə seksual xarakterli zorakılıq hərəkətlərinə görə məsuliyyəti müəyyən edir. Bu maddələrdə göstərilən cəza tədbirləri kifayət qədər sərtdir və əlavə məcburi kimyəvi müdaxilə qanuni olaraq zəruri sayılmır”.E.Abbasov həmçinin vurğulayıb ki, belə tədbirlər insanlığa sığmayan xarakter daşıya və beynəlxalq hüquq normalarına zidd ola bilər:
“Belə qanunlar, xüsusilə kimyəvi axtalama tədbirləri, birmənalı olaraq Avropa Konsensiyasına ziddir və insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Bu cür müdaxilələr şəxslərin fizioloji və psixoloji sağlamlığına ciddi təsir göstərə bilər və hüquqi baxımdan da mübahisəlidir”.
Bəs pedofiliyanın müalicəsi mümkündürmü?
“Yeni Sabah”a danışan psixoloq Aytən Ələkbərova söyləyib ki, pedofiliya uşaqların istismarı və insan haqlarının ən ağır pozuntularından biridir.
“Pedofiliya uşaqların istismarıdır, dünyada insan haqlarının ən ağır pozuntularından. Pedofiliya daha çox kişilərdə müşahidə olunur, az hallarda qadınlarda bu pozuntuya rast gəlmək olar. İnsan sonradan pedofil olmur, pedofil doğulur. Bunun bir çox səbəbi var, məsələn, hamilə qadının ağır infeksiyalardan əziyyət çəkməsi, yüksək hərarətinin olması, yıxılması birbaşa dölün beynində problemlər yaradır.
Bu cür uşaqlarda pedofiliya özünü 16-17 yaşından biruzə verir. Biz kənardan diqqətli müşahidə ilə belə uşaqları müəyyən edə bilərik, bu şəxslər uşaqlara qarşı yersiz yaxınlıq edir, mehribanlıq göstərirlər, uşağı qucağına alıb oynadırlar. Elə pedofillər var ki, 6 aylıq uşağa qarşı da bunu düşünürlər, körpə uşağın cinsiyyət orqanına toxunmaqla belə həzz alırlar. Bu, ciddi xəstəlikdir”, - psixoloq qeyd edib.
Aytən Ələkbərova deyib ki, bəzən valideynlər 11-12 yaşlı övladlarının birdən-birə hamıdan uzaqlaşdığını müşahidə edirlər, lakin səbəbini anlamırlar.
“Əslində isə belə halların arxasında uşağın 5-6 yaşlarında dayısı, xalası, qonşusu, atasının dostu və ya başqa bir şəxs tərəfindən seksual qısnamaya məruz qalması dayana bilər. Uşaq böyüdükcə baş verənləri daha aydın dərk edir və bu, onda dərin psixoloji sarsıntı, depressiv vəziyyət yaradır”, - o bildirib.
