Saat:09:07
Haqqımızda

"Azərbaycanda radikal dini qruplaşmaların qarşısının alınması üçün ciddi kurs götürülüb..." - Mirmahmud Mirəlioğlu

2024-03-28 13:52:55

Klassik Xalq Cəbhəsi partiyasının sədri, istiqlalçı deputat Mirmahmud Mirəlioğlu ilə Moderator.az üçün qısa söhbətimizdə dünyada və ölkəmizdə İslamla maskalanan radikal qruplaşmalar və onlara qarşı mübarizədən bəhs etdik.

-Mirmahmud bəy, sizcə, hazırdda Azərbaycanda İslamla maskalanan radikal qruplaşmalar mövcuddurmu və onlar nə dərəcədə aktivdir?

-Bu sual, belə deyək ki, ikimizin arasında söhbətdə bir cür qiymətləndirilir, amma təhlükəsizlik xidmətlərinin dəyərləndirməsi tamam fərqlidir. Hətta oxucuların da dəyərləndirməsi fərqlidir. Biz indi bu mövzuda fikirlərimizi açıqlasaq, oxucu oxuduqdan sonra, ola bilər, təbəssümlə dodağını büzərək düşünsün ki, bunlar nə danışırlar. Və yaxud ola bilər ki, elə həmin oxucunun ürəyindən keçəni deyəcəyik... Həmçinin jurnalist təhqiqatında bir cür dəyərləndirmə ola bilər, mütəxəssis təhqiqatında tamam başqa cür... Amma hesab edirəm ki, Azərbaycanda radikal dini qruplaşmaların qarşısının alınması üçün ciddi kurs götürülüb. Bundan sonra da hər hansı təmayüllü radikal cərəyanlar zərərsizləşdirilməlidir. Yəni gələcəkdə baş verə biləcək terror olayların qarşısı bu gündən profilaktik tədbirlərlə alınmalıdır. Fəqət, radikal qruplara, terrorçuluğa qarşı mübarizədən hər kəsin şəxsi təxəyyülünə uyğun fantastik dərəcədə sui-istifadə etməsi də doğru deyil...

-Eyham vurduğunuz kimi, həm dünyada, həm ölkədə bəzi qüvvələr tərəfindən İranla, yaxud bəzi ərəb ölkələri ilə bağlı bir sıra dinlə pərdələnən radikal qrupların varlığını bəhanə edərək əsil müsəlman etiqadlı insanların da təzyiqlərə məruz qoyulmasına necə baxırsız?

-Bəli, əvvəlki sualınıza cavabımda bu məsələyə toxundum. Yəni “radikal qruplara, terrorçuluğa qarşı mübarizədən fantastik dərəcədə hər kəsin şəxsi təxəyyülünə uyğun sui-istifadə etmək” deyəndə məhz bunu nəzərdə tuturdum. Məsələyə belə yanaşma, sözsüz ki, olmamalıdır. Lakin hər halda hamımız həm terroru pisləyirik, həm ondan ziyan çəkirik, həm də qarşısının alınmasını arzulayırıq. Eyni zamanda radikal dini və digər təmayüllü cərəyanlara, terrorçuluğa qarşı mübarizə xətalar olmadan ötüşməlidir. Günahsız adamlar da bu mübarizədən zərər çəkməməlidir. Amma, təəssüf ki, dünyanın heç bir ölkəsində terrorçuluğa qarşı mübarizə ideal şəkildə aparıla bilmir və xətalarsız ötüşmür...

-Yəni söhbət yalnız konkret terrora qarşı mübarizədən getmir. Dünyanın bir çox ölkələrində həm İslam, həm xristianlıq, həm də iudaizmlə maskalanmış müxtəlif cərəyanlar var. Amma bu gün vəhhabiliyi, yaxud radikal şiəliyi bəhanə edərək hər namaz qılanı, oruc tutanı hədəf götürmək doğru deyil axı...

-Bəli, ona görə də bu istiqamətdə həm danışanlar(özümü də nəzərdə tuturam), həm də təhqiqat, araşdırma aparanlar maksimum ehtiyatlı olmalıdırlar. Xüsusən də öncədən və ya terror olayından sonra zərərsizləşdirmə tədbirləri görənlər də öz işlərini maksimum dəqiqliklə aparmalıdırlar ki, günahsız insanlar zərər çəkməsin...

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.126852